Azərbaycanda ilk dəfə Bakı Retina Beynəlxalq Elmi Konfransı keçirilib

Azərbaycanda ilk dəfə retina xəstəliklərinə həsr olunmuş beynəlxalq səviyyəli elmi tədbir — Bakı Retina Beynəlxalq Elmi Konfransı keçirilib. Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universiteti (ATU) Oftalmologiya kafedrasının tərəfdaşlığı ilə təşkil olunub. Tədbir oftalmologiyanın ən mühüm istiqamətlərindən biri olan retina xəstəliklərinin diaqnostika və müalicəsində müasir yanaşmalara həsr edilib.

Açılış mərasimində Müəllimləri Təkmilləşdirmə İnstitutunun direktoru, professor Nazim Pənahov çıxış edərək, tədbirin oftalmologiya sahəsində elmi bilik və təcrübə mübadiləsi üçün mühüm platforma olduğunu vurğulayıb və iştirakçılara uğurlar arzulayıb.

ATU-nun Tədris işləri üzrə prorektoru, professor Anar Ağayev universitetin rektoru, professor Gəray Gəraybəylinin salamlarını konfrans iştirakçılarına çatdıraraq, tədbirin elmi əməkdaşlıq baxımından əhəmiyyətini qeyd edib. O bildirib ki, bu kimi beynəlxalq tədbirlər Azərbaycan tibb elminin inkişafına mühüm töhfə verir.

ATU-nun Elmi işlər üzrə prorektoru, professor Məlahət Sultan çıxışında konfransın oftalmologiya sahəsində bilik və bacarıqların artırılmasına, eləcə də müasir trendlərin öyrənilməsinə böyük imkan yaratdığını vurğulayıb.

Oftalmologiya kafedrasının müdiri, professor Paşa Qəlbinur öz çıxışında sahədə baş verən yeniliklərdən bəhs edərək, beynəlxalq elmi əməkdaşlığın oftalmologiyanın gələcək inkişafı üçün vacibliyini qeyd edib.

Konfransın elmi hissəsinə tibb elmləri doktoru, vitreo-retinal cərrah Tural Qəlbinur sədrlik edib. O, tədbirin Azərbaycanın oftalmologiya icması üçün yeni bir mərhələ açdığını bildirib. “Bu konfrans həm yerli, həm də xarici mütəxəssislər üçün təcrübə mübadiləsi və yeni elmi tərəfdaşlıqlar qurmaq baxımından unikal imkandır”, – deyə o qeyd edib: "Tədbirimizdə 11 ölkədən 21 tanınmış spiker retina xəstəliklərinin diaqnostika və müalicəsində tətbiq olunan ən son elmi yeniliklər, qabaqcıl texnologiyalar və innovativ yanaşmalar haqqında məruzələrlə çıxış edirlər. Bunun, iştirakçılar üçün yalnız nəzəri bilikləri artırmaq deyil, həm də beynəlxalq miqyasda təcrübə mübadiləsi aparmaq və peşəkar əlaqələr qurmaq baxımından geniş imkan yaradacağına inanıram".

Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yanında fəaliyyət göstərən Elmi Tibbi Şura tərəfindən Davamlı Tibbi Təhsil (DTT) kredit balı ilə akkreditasiya olunub. Bu, iştirakçıların əldə etdiyi bilik və təcrübələrin rəsmi şəkildə tanınmasına zəmanət verir.

Tədbir, oftalmologiya sahəsində fəaliyyət göstərən həkim və mütəxəssislər üçün peşəkar inkişaf, beynəlxalq əməkdaşlıq və yeni perspektivlər baxımından mühüm platforma kimi qiymətləndirilib. İştirakçılar həm ən son elmi nailiyyətlərlə tanış olub, həm də öz təcrübələrini bölüşərək sahənin inkişafına töhfə veriblər.