Azərbaycan Tibb Universitetinin (ATU) III Cərrahi xəstəliklər kafedrasının dosenti Elnarə Nəbiyeva 2025-ci ilin payız semestrində Orhun mübadilə proqramı çərçivəsində Türkiyənin Ərzurum şəhərində yerləşən Atatürk Universitetində iki həftəlik akademik fəaliyyət həyata keçirib.
Səfər zamanı Elnarə Nəbiyeva Atatürk Universitetinin Tibb bacılığı fakültəsində tələbələr və müəllim heyəti üçün bir sıra nəzəri və praktiki tədris tədbirlərində iştirak edib. O, çıxışlarında cərrahi infeksionların növləri və onların klassifikasiyası, cərrahi xəstələrin müayinəsində tibb bacısının rolu, qanaxmaların növləri və onların idarə olunması, həmçinin yara baxımının müasir prinsipləri mövzularında ətraflı mühazirələr oxuyub.
Mühazirələr zamanı dosent Elnarə Nəbiyeva cərrahi infeksion xəstəliklərin yaranma səbəbləri, onların qarşısının alınması yolları və düzgün sterilizasiya proseslərinin vacibliyini vurğulayıb. “Cərrahi xəstə müayinəsində tibb bacısının rolu” mövzusunda isə tibb bacısının əməliyyataqədər və əməliyyatdan sonrakı dövrlərdə xəstəyə göstərdiyi qulluq, müşahidə və reabilitasiya proseslərindəki əhəmiyyətli funksiyalar geniş şəkildə izah olunub.
Bundan əlavə, “Qanaxmalar və onların klassifikasiyası” mövzusunda keçirilən mühazirədə Elnarə Nəbiyeva müxtəlif növ qanaxmaların klinik əlamətləri, təcili yardım zamanı görülməli olan tədbirlər və müasir yanaşmalar barədə məlumat verib. “Yara baxımı” ilə bağlı çıxışında isə yaraların sağalma mərhələləri, aseptika və antiseptika qaydaları, həmçinin tibb bacısının bu prosesdəki əsas vəzifələri xüsusi vurğulanıb.
Bu akademik mübadilə çərçivəsində dosent Elnarə Nəbiyeva həmçinin Atatürk Universitetinin professor-müəllim heyəti ilə görüşlər keçirib, gələcəkdə birgə elmi layihələrin, tədqiqatların və tələbə təcrübə proqramlarının həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparıb.