Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə “IDEALISE” inkubasiya proqramı çərçivəsində canlı və praktik yönümlü təlim keçirilib. Təlimin mövzusu “Komandanın qurulması və inkişafı” olub və xüsusilə öz ideyasını uğurlu layihəyə çevirmək istəyən gənclər üçün maraqlı olub.
Sessiyanı Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, startap mentoru və beynəlxalq GInS və AInA sertifikatlarının sahibi Ayat Cəfərova aparıb. Təlim zamanı iştirakçılar güclü komandanın formalaşması, rolların və məsuliyyətlərin bölgüsü, motivasiya, etimad və qarşılıqlı hörmətin əhəmiyyəti barədə müzakirələr aparıblar.
Ayat Cəfərova bildirib ki, kiçik bir ideyanı böyük uğura çevirən əsas güc komandanın birliyi və inamıdır:
“Startap hər şeydən əvvəl insanlardan başlayır, məhsuldan yox. Əgər birlikdə işləməyi bacarırsınızsa, uğurun yarısını artıq qazanmısınız”.
Təlim iştirakçıları qeyd ediblər ki, sessiya onlara yalnız nəzəri bilik deyil, həm də komanda idarəçiliyinə praktiki baxış qazandırıb. Bir çox tələbə üçün bu görüş gələcək layihələrdə daha effektiv əməkdaşlıq qurmaq və liderlik potensialını inkişaf etdirmək üçün motivasiya mənbəyi olub.
“IDEALISE” proqramı ADNSU tələbələrini bir araya gətirərək, yeni ideyaların, komandaların və innovativ təşəbbüslərin formalaşması üçün yaradıcı mühit yaratmağa davam edir.