ATU-nun əməkdaşı afrikalı idmançılara ustad dərsləri keçib

Bu günlərdə universitetimizin əməkdaşının yaxından iştirakı ilə Tunis Kyokuşinkay Federasiyası növbəti uğura imza atıb. Belə ki, 18 ölkədən 300 iştirakçı ilə 3-cü dəfə beynəlxalq turnirə və müxtəlif şəhərlərdə təlim məşqlərinə ev sahibliyi edib.

“Təbib” Tədris İdman Mərkəzinin müdiri, Avropa və Asiyada dəfələrlə ən yaxşı hakim seçilən, 5-ci dan qara kəmər ustası, beynəlxalq dərəcəli hakim Qələndər Aslanov turnirin hakimlərinə seminar və idmançılara ustad təlim məşqləri keçmək üçün üçüncü dəfə Tunisə rəsmi dəvət alıb.

Turnirdən əvvəl yarışın baş hakimi, rusiyalı Aleksandr Piçkunovla birlikdə bütün hakimlər üçün seminar təşkil olunub. Seminarda hakimlərə beynəlxalq yarış qaydaları və onlara dəyişikliklər haqqında izahlı məlumatlar verilib, sonra praktik məşğələlər keçirilib.

Beş xalça üzərində iki gün davam edən yarışlarda hakimlərin buraxdığı nöqsanlar yerindəcə ədalət təmsilçimiz tərəfindən aradan qaldırılıb və heç bir idmançının haqsızlıqla üzləşməsinə imkan verilməyib. Liviya, Əlcəzair, Mərakeş və Keniyadan olan məşqçilər öz idmançılarının məğlubiyyəti ilə razılaşmayıb hakimlərə etirazını bildirəndə, Q.Aslanov qərarları əsaslandıraraq tərəfləri sakitləşdirib. Artıq üç ildir Afrikaya dəvət alan ədalət təmsilçimizin fəaliyyətini bütün iştirakçılar və federasiya rəhbərliyi yüksək dəyərləndirməklə, onun 2026-cı ildə keçiriləcək dünya çempionatında hakimlərə nəzarət etmək üçün dəvət olunacağını bildiriblər.

Yarışlardan sonra proqrama uyğun olaraq Tunisin Monastir, Susse, Gafsa, MahdiyaNadhour şəhərlərində ustad təlim məşqləri təşkil olunub. Təmsilçimiz təlim məşqlərində meydanı dünya şöhrətli döyüşçü Leçi Qurbanovla bölüşüb. Ümumilikdə beş şəhərdə 3500-dən çox idmançı və məşqçilərə təlim, ustad məşqləri keçən idman mütəxəssisləri, son bir neçə ildə tunisli idmançıların uğurlara imza atdıqlarını vurğulayıblar. Elə bu səbəbdən də növbəti ilin noyabr ayında Tunis dövləti Kyokuşin karate üzrə dünya çempionatına ev sahibliyi edəcək.