Azərbaycanın hərbi tibb mütəxəssisləri Bolqarıstanda olub, Sofiya şəhərində yerləşən Hərbi Tibb Akademiyasında görüşlər keçirib
ATU Hərbi tibb fakültəsinin Tibbi profilaktika kafedrasının baş müəllimi, tibb xidməti polkovnik-leytenantı Saleh Əhmədov və Müdafiə Nazirliyinin Tibb Heyətinin zabiti, tibb xidməti mayoru Fuad Zeynalov Akademiyanın simulyasiya mərkəzinə baş çəkib, təlim düşərgəsi ilə tanış olublar. Simulyasiya mərkəzində yaralıların döyüş meydanından çıxarılması, təxliyəsi, səhra hospitallarına və keçid məntəqələrinə çatdırılması üzrə təlimlərdə iştirak ediblər. Mərkəzdə real müharibə şəraiti simulyasiya edilərək təxliyə, ilkin tibbi yardım, həkiməqədərki yardım və döyüş meydanında tibbi yardım göstərilməsi ilə bağlı ətraflı məlumat verilib.
Bundan əlavə, nümayəndə heyəti tibb bacısı imtahanlarının keçirilmə qaydaları, eləcə də kursantların kazarma və məişət şəraiti ilə tanış olub, hospitalın infeksiya və kardiologiya bölmələrini, mikrobiologiya şöbəsini ziyarət edib.
Onlar, həmçinin Plovdiv şəhərindəki qarnizon hospitalına da baş çəkib, hospitalın şöbələri, kursantların dərs cədvəlləri, yataq və qidalanma şəraiti ilə bağlı məlumat alıblar.
Səfərin sonunda Azərbaycan Tibb Universitetinin hədiyyələri Bolqarıstan Respublikası Hərbi Tibb Akademiyasının rəhbər heyətinə təqdim olunub.