Payızın “bəzəyi” zökəm...

Payızın soyuq gəlişi bir sıra xəstəliklərin artmasına səbəb olub. Onların içərisində geniş yayılmış xəstəliklərdən biri də el arasında zökəm kimi tanınan rinitdir

 Rinit – burun selikli qişasının iltihabıdır. Bu xəstəlik zamanı burun tutulması, axıntı, asqırma, qaşınma, bəzən də qoxu hissinin zəifləməsi müşahidə olunur. Rinitin  kəskin və xroniki olmaqla iki formasına rast gəlinir.

Kəskin rinit adətən virus, bakterial infeksiyalar (soyuqdəymə, qrip) nəticəsində yaranır.

Xroniki rinit isə uzun müddət davam edir və bir necə forması olur. 

Havaların soyuması ilə əlaqədar kəskin rinitə daha çox rast gəlinir. Bunun da əsas səbəbi tez-tez dəyişən havaya uyğun geyimin düzgün secilməməsi, immunitetin zəifləməsi, tədrisin başlanması ilə əlaqədar şagird və tələbələrin qapalı müəssisələrdə kütləvi toplanmasıdır.

Kəskin rinitin əsas əlamətləri yüksək hərarət, baş ağrıları, halsızlıq, burun tutulması və ya axması, asqırma tutmaları, burun və gözlərdə qaşınmadır. Kəskin rinitə adətən uşaqlarda rast gəlinir və böyüklərə nisbətən onlar daha ağır keçirir. Südəmər uşaqlarda burun keçəcəkləri dar olduğundan kəskin zökəm zamanı burunun selikli qişasının cüzi şişməsi tənəffüsün çətinləşməsinə səbəb olur. Bu da uşağın qidalanmasını pozur. Nəticədə uşaqda narahatlıq, əsəbilik yaranır. Tənəffüs xüsusən gecələr pozulur, boğulma tutmaları müşahidə olunur. Düzgün müalicə olunmazsa, iltihab bronxlara, ağçiyərlərə keçər və pnevmoniya kimi ağırlaşmalara səbəb ola bilər. Böyük uşaqlarda zökəm yaşlılarda olduğu kimi keçir.

Virus mənşəli zökəmin gedişatı ağır olur, hərarət 38°-40° C-ə qədər yüksəlir. Xəstələrdə ümumi halsızlıq, şiddətli baş ağrıları, əzələ ağrıları müşahidə olunur.

Bakterial mənşəli rinitlərin gedişatı nisbətən yüngül keçir. Zökəmin başlanğıc mərhələsində tərlədici dərmanlar təyin etməklə prosesi dayandırmaq mümkündür. Çoxlu maye qəbulu, mürəbbəli çay, bitki çayları, kompot içmək məsləhət görülür. Lakin hərarət yüksələrsə, xəstələrə yataq rejimi və həkim nəzarəti tövsiyə olunur. Burunun selikli qişasının ödemi və deməli burun tənəffüsünün çətinləşməsi ilə mübarizə məqsədi ilə yerli olaraq damar daraldıcı spreylərdən, dəniz suyu, izotonik və ya hipertonik məhlullardan istifadə etmək məsləhətdir.

Rinitlərin ağırlaşmaları böyüklərdə daha çox paranazal sinusitlər, orta qulağın iltihabı, bronxit kimi özünü göstərir.

Kəskin rinitin diaqnostikası çətin deyil. Lakin ağırlaşmaları nəzərə alsaq, ilkin simptomlar özünü büruzə verən zaman həkimə müraciət etmək lazımdır.

Zökəmin profilaktikası hər şeydən əvvəl orqanizmin müdafiə qabiliyyətinin yüksəldilməsini tələb edir. Düzgün qidalanma, mövsümi olaraq geyimə xüsusi diqqət yetirmək, qrip epidemiyası zamanı və qapalı məkanlarda maskalardan istifadə etmək lazımdır.

Mənsurə Hüseynova,

Qulaq, burun və boğaz xəstəlikləri kafedrasının assistenti