ATU-da xroniki venoz çatışmazlığı mövzusunda vebinar keçirilib

Oktyabrın 28-də Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında AMEA-nın müxbir üzvü, I Cərrahi xəstəliklər kafedrasının müdiri,  professor Nuru Bayramovun təşəbbüsü ilə vebinar keçirilib.

Vebinarı adıçəkilən kafedranın asisstenti, rezidentlər üçün məsul şəxs Elman Əzimov açıb. O, bir neçə ildir ki, “Mən bunu necə edirəm?” layihəsini uğurla həyata keçirildiyini bildirib.  Layihənin məqsədinin sabahın gənc cərrahlarının,  yəni rezidentlərin əməliyyat prosesini real şəkildə izləyərək düzgün istiqamət götürməsindən ibarət olduğunu qeyd edib: “Başqa sözlə, əməliyyatın necə və hansı ardıcıllıqla icra olunmalı olduğunu, peşəkar yanaşmanın nədən ibarət olduğunu onlara öyrətməkdir. Artıq ötən il və ondan əvvəlki illər ərzində 26-ya yaxın vebinar və təlim kursu təşkil etmişik. Bu il isə 11 vebinar həyata keçirilib.

Bu vebinarda Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun professoru Vüqar Fəttah - Pur “Mən varikozu necə müalicə edirəm?” mövzusunda vebinar iştirakçılarına varikoz xəstəliyinin müalicə metodları barədə ətraflı məlumat verəcək”.

ATU-nun Rezidentura və magistratura şöbəsinin müdiri, dosent İlhamə Mustafayeva təşkil olunan bu cür vebinar və seminarların həkim-rezidentlərin  nəzəri biliklərinin möhkəmləndirilməsində oynadığı rola toxunub, onların ölkənin tanınmış mütəxəssislərilə birbaşa təcrübə mübadiləsinə imkan yaratdığını qeyd edib: “Gələn ildən ümumi cərrahiyyə ixtisasını bitirən rezidentlər artıq onkoloji, torakal və digər cərrahiyyə sahələri üzrə ixtisaslaşa biləcəklər.

Bugünkü mövzu təkcə cərrahlar üçün deyil, terapevtik, mamalıq-ginekologiya, uşaq cərrahiyyəsi və digər sahələrdə təhsil alan həkimlər üçün də aktualdır. Buna görə də hamınızı diqqətli olmağa dəvət edir, mövzular ətrafında suallar hazırlamağınızı tövsiyə edirəm”.

 Pofessor Vüqar Fəttah - Pur təqdim etdiyi mövzunun xroniki venoz çatışmazlığı olduğunu bildirib: “ Mövzunu təqdim edərkən “mən necə edirəm?” ifadəsini işlədirəm, lakin bu söz bir qədər çaşdırıcı ola bilər. Niyə? Çünki bu gün dünya tibbində bütün fəaliyyətlər sübutlara əsaslanan tibb prinsipləri üzərində qurulur. Bütün addımlar protokollar və beynəlxalq qaydalar əsasında həyata keçirilir.

Tibb sahəsi daim inkişaf edir və yerində saymır. Biz akademik sahədə fəaliyyət göstərməklə yanaşı, praktiki işdə də bu inkişafı izləyir və tətbiq edirik. Akademik sahədə çalışmaq bizə həm elmi, həm də praktik biliklərimizi genişləndirmək imkanı verir”.

Professor məruzəsində eyni zamanda vebinar iştirakçılarına xroniki venoz xəstəliyinin sinifləndirilməsi, kosmetik varikozlar, varikozun müalicə metodları və s. ilə bağlı da geniş məlumat verib.

Mövzu rezidentlər üçün maraqla qarşılanıb, onları maraqlandıran sualları məruzəçi ətraflı şəkildə cavablandırıb.

Sonda dosent İlhamə Mustafayeva tərəfindən fəallıq göstərən rezidentlərə sertifikatlar təqdim olunub.