Elşad Eyvazlı: Əsas məqsədimiz gənclərin uğurlarını cəmiyyətə göstərməkdir
AzEdu.az təhsil portalı və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə universitetimizdə təhsil alan “Brend tələbə”lər təltif olunub. Qeyd edək ki, AzEdu.az-ın ali məktəblərlə əməkdaşlığı çərçivəsində həyata keçirilən "Brend tələbə" layihəsi xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılmasını nəzərdə tutur.
Tədbirdə AzEdu.az təhsil portalının təsisçisi, Parlament Jurnalistləri Birliyinin (PJB) sədri Elşad Eyvazlı, AzEdu.az-ın direktoru Ləman Novruzova, portalın əməkdaşı Esmira Əliyeva, universitetimizdən isə Tərbiyə işləri üzrə prorektor, dosent Mahir Səfərov, I Müalicə-profilaktika fakültəsinin dekanı, dosent Elşad Novruzov, II Müalicə-profilaktika fakültəsinin dekanı, dosent İsrail Məhərrəmbəyli, Stomatologiya fakültəsinin dekanı, dosent Elmira Əliyeva, Əczaçılıq fakültəsinin dekanı, dosent Fərəh Mədətli, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova və bu statusa layiq görülmüş tələbələr iştirak ediblər.
Mərasimdə çıxış edən prorektor Mahir Səfərov tələbələri təbrik edib və qonaqlara universitetdə həyata keçirilən yeniliklər haqqında məlumat verib: "Arzu edirəm ki, “Brend tələbə”lərimizin fəaliyyəti yalnız universitet illəri ilə məhdudlaşmasın, sonrakı dövrdə də nailiyyətləri bol olsun".
AzEdu.az-ın təsisçisi, PJB sədri Elşad Eyvazlı “Brend tələbə” adına layiq görülən tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzu edib: "Vaxt ayırdığı üçün ilk növbədə universitet rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk. Bu layihə 3-cü ildir ki, həyata keçirilir. Layihədə bir neçə meyar nəzərə alınır. Məsələn, universitetdənkənar fəaliyyət, dil bilikləri, idarəçilik bacarıqları və digər göstəricilər birləşdirilərək "Brend tələbə"lər müəyyənləşdirilir. Əsas məqsədimiz gənclərin hər hansı sahədə qazandıqları uğurları cəmiyyətə göstərməkdir".
Daha sonra Ləman Novruzova çıxış edərək, minlərlə tələbənin arasından seçilən 10 nəfərdən biri olmağın həm qürur, həm də böyük məsuliyyət yaratdığını bildirib: “Universitet sizləri bu siyahıya daxil etməklə, tələbəlik həyatınız boyunca göstərdiyiniz səyləri, bilik və bacarıqlarınızı yüksək qiymətləndirdiyini göstərir. Layihəyə başladığımız zaman 20 universitet bizimlə əməkdaşlıq edirdisə, bu gün bu say 29-a çatıb. Gələcək hədəfimiz Azərbaycanın bütün universitetlərini layihəyə daxil etməkdir”.
Tədbirin sonunda “Brend tələbə”lər təltif olunub və xatirə şəkli çəkilib.
2024-2025-ci tədris ili üzrə ATU-nun bu statusa layiq görülmüş tələbələri aşağıdakılardır:
Kənan Kazımov - I Müalicə-profilaktika fakültəsi;
Gülay Novruzova - I Müalicə-profilaktika fakültəsi;
Fidan Vəlizadə - I Müalicə-profilaktika fakültəsi;
Eldar Baxşəliyev - II Müalicə-profilaktika fakültəsi;
Leyla Əhmədova - II Müalicə-profilaktika fakültəsi;
Teymur Rəhimov - Əczaçılıq fakültəsi;
Jalə Abbasova - Əczaçılıq fakültəsi;
Nigar Əfəndiyeva - Stomatologiya fakültəsi;
Xəyal Fətullayev - Stomatologiya fakültəsi;
Nailə Əhmədova - İctimai səhiyyə fakültəsi.