Medinex 2025 çərçivəsində Ukrayna və Azərbaycan arasında əczaçılıq əməkdaşlığı müzakirə olunub

Medinex 2025 beynəlxalq tibb sərgisi çərçivəsində “Dialoqdan Əməkdaşlığa: Ukrayna və Azərbaycanın Əczaçılıq İmkanları” adlı ikitərəfli müzakirə paneli baş tutub

Tədbirdə Ukrayna və Azərbaycanın səhiyyə və əczaçılıq sektorlarını təmsil edən rəsmi şəxslər, ekspertlər və sənaye nümayəndələri iştirak ediblər. Panelin əsas məqsədi iki ölkə arasında əczaçılıq sahəsində təcrübə mübadiləsini genişləndirmək, innovativ istehsal və tədqiqat potensialını artırmaq, eləcə də birgə əməkdaşlıq imkanlarını dərinləşdirmək olub.

Panelin açılışında Ukrayna səhiyyə nazirinin müavini Edem Adamanov çıxış edərək Ukrayna əczaçılıq sənayesində baş verən yeniliklər, yerli istehsalın inkişafı və Azərbaycanla əməkdaşlıq perspektivləri barədə məlumat verib.

Paneldə Azərbaycanı təmsil edən Azərbaycan Əczaçılar Assosiasiyasının sədri, Azərbaycan Tibb Universitetinin professoru, Əczaçılıq kimyası kafedrasının müdiri Tahir Süleymanov da çıxış edib.
Professor Süleymanov öz çıxışında ölkəmizdə əczaçılıq təhsilinin və yerli dərman istehsalının inkişaf istiqamətləri, bu sahədə dövlət dəstəyi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə danışıb. O, Ukrayna ilə elm və sənaye arasında birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb və iki ölkənin potensialının birləşdirilməsinin regionun dərman təminatına müsbət təsir göstərəcəyini qeyd edib.

Müzakirələrdə həmçinin Ukrayna Parlamentinin (Ali Rada) İctimai Sağlamlıq, Tibbi Xidmətlər və Sığorta Komitəsinin sədri Mixayil Radutskiy, Ukrayna səhiyyə naziri Viktor Lyaşko, “Farmak” şirkətinin Korporativ Kommunikasiya direktoru Yevgeniya Piddubna və Strateji İnkişaf direktoru Oksana Plotnikova çıxış ediblər.