Bu gün Səhiyyə Nazirliyində keçirilən görüşdə iki ölkənin səhiyyə nazirlikləri arasında səhiyyə və tibb elmi sahəsində yenilənmiş Əməkdaşlıq haqqında Saziş imzalanıb
Sənədi Azərbaycanın səhiyyə naziri Teymur Musayev və Ukraynanın səhiyyə naziri Viktor Lyaşko imzalayıblar.
Əməkdaşlıq haqqında Sazişin mahiyyətini vurğulayan Teymur Musayev və Viktor Lyaşko qeyd ediblər ki, sənədin əsas məqsədi hər iki ölkənin səhiyyə sistemlərinin gücləndirilməsi və institusional çərçivənin genişləndirilməsi, əhalinin sağlamlığının inkişafına töhfə verilməsi, habelə əməkdaşlıq proqramlarının həyata keçirilməsidir. Eyni zamanda, sənəd xalq təbabətinin, farmasevtika sənayesinin, həmçinin tibbi təhsilin inkişafı sahələrində strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi üçün hüquqi çərçivə yaradır.
Həmçinin Azərbaycan Tibb Universiteti ilə Xarkov Milli Tibb Universiteti arasında da qarşılıqlı əməkdaşlıq Memorandumu imzalanıb.
Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli ilə Xarkov Milli Tibb Universitetinin elmi işlər üzrə prorektoru Oksana Nakoneçna arasında tələbə və mütəxəssis mübadiləsi, birgə elmi tədqiqatların həyata keçirilməsi də daxil olmaqla yeni Əməkdaşlığa imza atılıb.
Səfər çərçivəsində Azərbaycanın Milli Onkologiya Mərkəzi ilə Ukrayna Milli Xərçəng İnstitutu, Azərbaycanın K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu ilə Ukraynanın "Oxmatdıt" Uşaq Xəstəxanası, eləcə də kardioloji mərkəzlər arasında Əməkdaşlıq Memorandumları imzalanıb.
İmzalanan sənədlər iki ölkə arasında səhiyyə sahəsində uzunmüddətli və səmərəli strateji tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət edir.