ATU-da “Dental Sculpture Workshop” adlı tədbir keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) Stomatologiya fakültəsində “Dental Sculpture Workshop” adlı tədbir keçirilib.

Tədbiri Stomatologiya fakültəsinin dekanı, dos. Elmira Əliyeva açaraq iştirakçıları salamlayıb və bu cür tədbirlərin tələbələrin peşəkar inkişafında mühüm rol oynadığını qeyd edib. “Ümid edirəm, bütün tələbələr bu gün öz bacarıqlarını ən yaxşı şəkildə nümayiş etdirəcəklər. Tədbirin sonunda yalnız üç nəfərə sertifikat təqdim olunacaq. Hamınıza uğurlar arzulayıram.”

Daha sonra Terapevtik stomatologiya kafedrasının müəllimi, dos. Esmira Abbasova çıxış edərək stomatoloqlar üçün əl vərdişlərinin mükəmməl olmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, dişin anatomik quruluşunun, qabar və şırımlarının düzgün təsvir olunması hər bir tələbənin peşəkar hazırlığında mühüm əhəmiyyət kəsb edir.

Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, dr. Qoşqar İsmayılov da tədbirdə çıxış edərək “Dental Sculpture Workshop”un tələbələr üçün əhəmiyyətindən danışıb. O vurğulayıb ki, bu cür seminarlar tələbələrin nəzəri biliklərini praktik bacarıqlara çevirməsi baxımından xüsusi rol oynayır. Çıxışının sonunda o, tələbələrə uğurlar arzulayaraq fakültə rəhbərliyi adından onlara hər zaman dəstək göstəriləcəyini bildirib.

Tədbirdə Ortopedik stomatologiya kafedrasının müəllimi Gülşən Arxməmmədova da iştirak edib. O, tədbirin əsas məqsədinin tələbələrin diş morfologiyasını nə dərəcədə mənimsədiklərini və onların əl bacarıqlarını qiymətləndirmək olduğunu qeyd edib. Müəllim bildirib ki, bu cür praktiki yarışmalar tələbələrin motivasiyasını artırmaqla yanaşı, onların nəzəri biliklərini tətbiq etmə bacarığını da gücləndirir. “Bu gün burada tələbələrimizin dişlərin anatomik formasını və morfoloji xüsusiyyətlərini nə qədər düzgün əks etdirə bildiklərini müşahidə edirik. Məsələn, Terapevtik kafedrada tələbələr dişin formasını plastilindən modelləşdirirlər və bu, onların əl qabiliyyətinin inkişafı üçün çox faydalıdır,” – deyə o əlavə edib.

Tələbə Həmkarlar İttifaqı Stomatologiya fakültəsi nümayəndələrinin — Məryəm Kərimli, Lalə Əhmədzadə, Asel Beyza Gül Yılmaz və Nəzrin Yusibovanın fəal təşəbbüsü və müəllimlərin dəstəyi ilə bu workshopun həyata keçirildiyini qeyd etmək lazımdır.

Bu əməkdaşlıq həm tələbələrin təşəbbüskarlığını, həm də fakültə daxilində birgə fəaliyyətin səmərəliliyini nümayiş etdirir.

Qeyd edək ki, tədbirdə həm Terapevtik, həm də Ortopedik stomatologiya kafedralarının müəllimləri iştirak ediblər.

Tədbirin sonunda qaliblər elan olunub. I yerə Arzu Məmmədova, II yerə Jasmin Verdiyeva, III yerə isə Şöləxanım İbrahimli layiq görülüb.

Qaliblərə sertifikatlar təqdim edilib, digər iştirakçılara isə gələcək fəaliyyətlərində uğurlar arzulanıb.