ATU əməkdaşı beynəlxalq innovasiya proqramını uğurla başa vurub

Azərbaycan Tibb Universitetinin (ATU) Elmi tədqiqatların idarə olunması departamentinin startap koordinatoru, dosent Ayət Cəfərova beynəlxalq innovasiya proqramında iştirak edərək uğurla məzun olub

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) keçirilən mükafatlandırma mərasimində universitetlərin, inkubasiya və akselerasiya mərkəzlərinin, dövlət qurumlarının və özəl sektorun nümayəndələri iştirak ediblər. Proqram bu il Azərbaycan innovasiya təhsilinin ən mühüm hadisələrindən biri kimi qeyd olunub və məqsədi insan kapitalının inkişafı ilə innovasiya menecmentində beynəlxalq standartların tətbiqidir.

Ayət Cəfərova Global Innovation Institute (GInI) və Code Academy ilə birgə həyata keçirilən “İnnovasiya ekosisteminin oyunçularının sertifikatlaşdırılması və akkreditasiyası” proqramının məzunu olub. Proqram çərçivəsində 38 mütəxəssis 45 beynəlxalq sertifikat, 8 təşkilat isə qlobal akkreditasiya əldə edib. İştirakçılar beynəlxalq standartların tətbiqi üçün praktik bilik və alətlər qazanaraq davamlı innovasiya ekosisteminin formalaşmasına töhfə veriblər.

Dosent Ayət Cəfərova proqram çərçivəsində iki beynəlxalq ixtisas əldə edib: Certified Innovation Strategist (CInS) və Authorized Innovation Assessor (AInA). CInS proqramı innovasiya strategiyasının layihələndirilməsi, yenilikçi mədəniyyətin formalaşdırılması və təhsil- idarəetməyə innovasiyaların inteqrasiyasına yönəlib. AInA isə təşkilatların innovativ yetkinliyini qiymətləndirir, ekosistemin güclü tərəflərini müəyyən edir və inkişaf istiqamətləri üzrə tövsiyələr təqdim edir.

Bu nailiyyət Azərbaycan Tibb Universitetinin innovasiya sahəsində beynəlxalq səviyyədə tanınmasına və davamlı innovasiya ekosisteminin güclənməsinə mühüm töhfədir.