Bizi izləyin:
Heydər Əliyev
ATU-da Konstitusiyanın 30 illiyinə və suverenliyin bərpasına həsr olunmuş konfrans keçirilib

ATU-da Konstitusiyanın 30 illiyinə və suverenliyin bərpasına həsr olunmuş konfrans keçirilib

Noyabrın 5-də ATU-nun İctimai fənlər kafedrasında Konstitusiyamızın 30 illiyinə və suverenliyimizin bərpasına həsr olunmuş Tələbə Elmi Cəmiyyətinin konfransı keçirilib

 Kafedranın müdiri, professor Qoşqar Əliyev tədbirdə giriş nitqi söyləyib.

Kafedra müdiri bildirib ki, 2024-cü il dekabrın 28-də Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib: “Bu münasibətlə ölkəmizin hər yerində tədbirlər keçirilib. Bizim tədbirimiz də bu məsələyə həsr olunub.

Azərbaycan Konstitusiyası 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq qəbul edilib və dövlət müstəqilliyimizin hüquqi əsasını yaradıb. Həmin dövrdə Azərbaycan böyük çətinliklərlə üzləşsə də, Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində ölkədə sabitlik və inkişaf təmin olunub. Bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun rəhbərliyi ilə Azərbaycan regionun ən güclü dövlətlərindən birinə çevrilib. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edilib, 2023-cü ildə isə ölkəmizin suverenliyi tam bərpa olunub. Azərbaycan artıq güclü, müstəqil və dünyada söz sahibi olan dövlətdir. Bu uğurlar şəhidlərimizin qanı, xalqımızın birliyi və dövlət rəhbərliyinin qətiyyəti sayəsində əldə olunub”.

Sonra söz məruzəçi tələbələrə verilib. Aysun Rəsulova “30 illik Konstitusiyamızın bəhrələri”, Asiman Qasımova “Şanlı Qələbəmiz Azərbaycanın suverenliyini bərpa etdi”, Ayşə Şıxıyeva “Qanla yazılmış qürur tarixi”, Əli Məmmədov “Dəmir Yumruğun fəlsəfəsi (II Qarabağ müharibəsi timsalında), Günay Abbasova “Xalqımızın Zəfər bayramı”, Gülşən Qarazadə “Tarixi Zəfərimizin memarı”, Aysu Qəribova “Azərbaycan Konstitusiyasında suverenlik və dövlət atributları”, Lahirə Hüseynova “Antiterror əməliyyatı” və Şakir Orucov “Azərbaycan ordusunun texnoloji modernləşməsi və müasir hərbi innovasiyalar” mövzularında çıxışlar
ediblər.

Məruzələrdə vurğulanıb ki, Azərbaycanın 2020-ci il Qarabağ müharibəsində qazandığı zəfər xalqın birliyi və ordunun rəşadəti sayəsində mümkün olub. Bu yalnız hərbi qələbə deyil, həm də milli iradənin və dövlətçiliyin təntənəsidir. Azad edilmiş torpaqlarda qurulan yeni həyat və gələcək nəsillərə ötürülən dəyərlər bu zəfərin davamlılığını təmin edir.

Tədbirdə Əczaçılıq fakültəsinin dekan müavini, dosent Esmira Hacıyeva və Ana dili kafedrasının müdiri, professor Natəvan Hacıyeva da iştirak ediblər. Sonda konfransı aparan İctimai fənlər kafedrasının müəllimi, tarixçi Aidə Təhməzova və professor Qoşqar Əliyev tələbələrə təşəkkür edərək, uğurlar arzulayıblar.

Paylaş

Dostlarınız ilə paylaşın.