Noyabrın 1-2-də keçirilən Azərbaycan Psixiatriya və Sinir Elmləri Konqresi ölkəmizdə psixi sağlamlıq sahəsində fəaliyyət göstərən mütəxəssisləri bir araya gətirib. İki gün davam edən elmi tədbirdə Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının əməkdaşları da müxtəlif elmi panellərdə moderator və məruzəçi kimi çıxış ediblər.
Tədbiri Azərbaycan Psixiatriya Assosiasiyasının prezidenti, professor Nadir İsmayılov açaraq psixi pozuntuların klinik aspektləri, müasir diaqnostik meyarların tətbiqi və psixiatriyada multidissiplinar yanaşmanın vacibliyindən danışıb, bu istiqamətdə elmi əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Açılış günündə keçirilən “Psixoza müasir baxış” və “Psixozun fərqli üzləri” panellərinə dosent Sevda Katibli və dosent Leyla Mehtiyeva moderatorluq ediblər. Panellərdə psixozların neyrobiologiyası, hallüsinasiya və sayıqlamaların patoloji xüsusiyyətləri, psixozun müxtəlif klinik formaları, dissosiasiya ilə psixozun ayırd edilməsi, həmçinin şizotipal pozuntuların şəxsiyyət xüsusiyyətləri ilə kəsişməsi və rəqəmsal, transkultural psixoz anlayışlarının müasir interpretasiyası kimi mövzular ətrafında elmi müzakirələr aparılıb.
Konqres çərçivəsində professor Fuad İsmayılov, doktor Nərmin Quliyeva və tibb üzrə fəlsəfə doktoru Gülay Məmmədzadə maraqlı və elmi baxımdan əhəmiyyətli məruzələrlə çıxış ediblər. Professor F.İsmayılov “Şizotipal pozuntu – şəxsiyyət problemi, yoxsa psixoz?” mövzusunda olan təqdimatında şizotipal pozuntunun klinik və nosoloji sərhədləri, həmçinin bu pozuntunun psixoz spektrinə aid edilməsi məsələlərinə elmi arqumentlərlə aydınlıq gətirib. N.Quliyeva “Neyroinkişaf pozuntuları və psixoz” mövzusunda çıxış edərək neyroinkişaf patologiyalarının psixoz simptomatikası ilə əlaqəsini, erkən diaqnostikanın klinik əhəmiyyətini və multidissiplinar müalicə yanaşmalarının üstünlüklərini diqqətə çatdırıb. G.Məmmədzadə isə “Rəqəmsal nevroz” mövzusunda məruzə edərək rəqəmsal mühitin insan psixikasına təsiri, texnoloji asılılıq formaları və müasir cəmiyyətlərdə nevrotik davranışların yeni trendləri barədə ətraflı məlumat verib.
Tədbirin sonunda qeyd olunub ki, Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının əməkdaşlarının çıxışları ölkəmizdə psixi və nevroloji xəstəliklərin klinik öyrənilməsi istiqamətində yeni elmi yanaşmaların formalaşmasına, eləcə də bu sahədə beynəlxalq elmi mübadilənin güclənməsinə mühüm töhfə verib.