
Azərbaycan Tibb Universitetinin Ortodontiya kafedrasının təşəbbüsü ilə tanınmış ortodontiya mütəxəssisi, Prof. Dr. Jean-Marc Retrouvey rezidentlər və həkimlər üçün “Rəqəmsal texnologiyaların ortodontiyada tətbiqi” mövzusunda elmi-praktik mühazirə keçirib.
Tədbiri giriş sözü ilə açan kafedranın müdiri, professor Ramidə Şadlinskaya qonağı salamlayaraq onun universitetdə mühazirə ilə çıxış etməsindən məmnunluq duyduğunu bildirib. O, qeyd edib ki, rəqəmsal texnologiyalar müasir klinik fəaliyyətin ayrılmaz hissəsinə çevrilib və bu istiqamətdə beynəlxalq mütəxəssislərin təcrübə mübadiləsi rezidentlər üçün böyük əhəmiyyət daşıyır.
Daha sonra Baylor Tibb Kolleci və Missuri Universiteti – Kanzas Siti (ABŞ) professoru Jean-Marc Retrouvey çıxış edərək, süni intellektin (Sİ) müasir tibbdə inqilabi dəyişikliklər yaradan aparıcı texnologiyalardan biri olduğunu vurğulayıb. O bildirib ki, Sİ sistemləri insan beyninin analiz və öyrənmə mexanizmini modelləşdirərək böyük həcmli məlumatların emalını, əlaqələrin müəyyənləşdirilməsini və nəticələrin proqnozlaşdırılmasını mümkün edir.
Professor qeyd edib ki, ortodontiyada süni intellektin tətbiqi hələ ilkin mərhələdə olsa da, artıq rəqəmsal görüntülərin analizi, üçölçülü modellərin seqmentasiyası və avtomatlaşdırılmış diaqnostika kimi sahələrdə genişlənməkdədir. Gələcəkdə bu texnologiyalar biomexanikanın dəqiq hesablanması, müalicə planlaşdırmasının optimallaşdırılması və nəticələrin proqnozlaşdırılması baxımından əsas rol oynayacaq.
Mühazirə zamanı ortodontik diş hərəkətlərinin fiziki və biomekanik əsaslarına toxunulub, mövzu dəqiq riyazi təsvirlər və elmi izahlarla təqdim olunub. Professor Retrouvey ortodontiyada fizika qanunlarının tətbiqinin praktiki əhəmiyyətini xüsusi vurğulayıb.
Qeyd olunub ki, bu cür elmi tədbirlər beynəlxalq əməkdaşlığın inkişafına, eləcə də rezidentlərin və həkim-ortodontların rəqəmsal texnologiyalar sahəsində bilik və bacarıqlarının artırılmasına mühüm töhfə verir.