
19–23 noyabr 2025 tarixlərində Antalyada keçirilən “KLİMUD 2025 – 8-ci Ulusal Klinik Mikrobiologiya Kongresi və 5-ci Ulusal Viroloji Günləri”ndə Azərbaycan Tibb Universitetinin (ATU) geniş heyəti iştirak edib. Bu il ölkəmizin elmi məruzələrinin sayı və məzmunu konqres iştirakçıları tərəfindən xüsusi maraqla qarşılanıb.
ATU-nun Tibbi Mikrobiologiya və İmmunologiya və Epidemiologiya kafedralarını təmsil edən mütəxəssislər dosent Ramin Bayramlı, Yavər Hacısoy, Yaqut Qarayeva və gənc həkim Vüsalə Əhmədzadə konqresin əsas panelində ana məruzələrlə çıxış ediblər. Onlar mikrobiom, antimikrobial davamlılıq, urogenital parazitar xəstəliklər və diaqnostik testlər kimi mövzularda təqdimatları ilə diqqət çəkiblər. Həmçinin mütəxəssislər bir neçə panelin moderatoru kimi də çıxış ediblər.
Konqresdə ATU-nun həkim-rezident və gənc mütəxəssislərindən ibarət 7 nəfərlik heyət də iştirak edib. Onlardan dördü elmi işlərinə görə KLİMUD təqaüdünə layiq görülüb. Ümumilikdə azərbaycanlı mütəxəssislərin 4 şifahi və 12 poster məruzəsi proqramda yer alıb.
Tədbirdə ATU əməkdaşlarının iştirakı Azərbaycan tibbi mikrobiologiya məktəbinin inkişafını və Türkiyə–Azərbaycan elmi əməkdaşlığının möhkəmləndiyini bir daha nümayiş etdirib.