.jpeg)
Dekabrın 3-4-də NATO-nun DEEP (Defence Education Enhancement Programme) proqramı çərçivəsində Milli Müdafiə Universiteti tərəfindən “Müdafiə təhsilinin genişləndirilməsi proqramının müdafiə və təhlükəsizlik sektorunda həyata keçirilən islahatlara töhfəsi (Experiences and best practices of DEEP's contribution to defence and security sector reforms)” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Heydər Əliyev adına Hərbi İnstitutda keçirilən tədbirdə plenar iclasdan sonra beş bölmə üzrə məruzələr dinlənilib. “Hərbi tibbi araşdırmalar” bölməsinin moderatorları Azərbaycan Tibb Universiteti Hərbi tibb fakültəsinin Tibbi profilaktika kafedrasının baş müəllimi, milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru, tibb xidməti polkovnik-leytenantı Saleh Əhmədov, dosent Fərhad Meybəliyev və Ukrainian Military Academy-nin zabiti Olexandr Raboshchuk olub. İki gün davam edən konfransın bu bölməsi üzrə müxtəlif hərbi tibbi mövzularda ümumilikdə 39 təqdimat dinlənilib.
“Hərbi tibbi araşdırmalar” bölməsi çərçivəsində Tibbi profilaktika kafedrasının rəisi, tibb xidməti polkovniki Şahin Süleymanov, fakültənin rezidentləri - tibb xidməti kapitanları Dursun Əliyev və Aynəddin Aslanov, fakültənin V kurs kursantları Amil Cəfərov və Nihad Həsənli, həmçinin IV kurs tələbəsi Elmir Mirzəyev müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.
Konfransın sonunda bütün məruzəçilərə sertifikatlar verilib.