
27–28 noyabr tarixlərində Qazaxıstanın Almatı şəhərində S.D. Asfendiyarov adına Qazax Milli Tibb Universitetinin təşkilatçılığı ilə “Tibb bacısı” ixtisasına həsr olunmuş beynəlxalq konfrans keçirilib. Tədbirdə Azərbaycan Respublikasından nümayəndə heyəti də iştirak edib. Konfrans çərçivəsində “Tibb bacısı” ixtisası üzrə təhsilin mövcud vəziyyəti və inkişaf perspektivləri: Qazaxıstan və Azərbaycanın təcrübəsi” mövzusunda dairəvi masa təşkil olunub. Müzakirələrdə hər iki ölkənin səhiyyə və tibb təhsili müəssisələri arasında əməkdaşlıq məsələləri, birgə layihələr, akademik mobillik proqramları və uzunmüddətli elmi tərəfdaşlıq imkanları diqqət mərkəzində olub.
Azərbaycan Tibb Universitetini tədbirdə İctimai səhiyyə fakültəsinin dekanı, dosent Qalina Qəniyeva, II uşaq xəstəlikləri kafedrasının dosenti Fəxriyyə Məmmədova və Ailə təbabəti kafedrasının dosenti Rəna Rzayeva təmsil ediblər. Onlar ATU-da “Tibb bacısı” ixtisasının tədrisi, kurikulum, təcrübə proqramları və əldə olunan nəticələr barədə geniş təqdimatla çıxış ediblər.
Səfərin ikinci günündə Azərbaycan nümayəndə heyəti Almatı şəhərinin səhiyyə sistemi ilə tanışlığını davam etdirib. Qonaqlar şəhərin bir sıra tibb müəssisələrini, təcili yardım xəstəxanasını, 5 saylı şəhər poliklinikasını, eləcə də Respublika Ali Tibb Kollecini ziyarət edərək onların fəaliyyəti və infrastrukturu ilə yerində tanış olublar.
Bu konfrans, tibb bacısı ixtisasının inkişafı və təhsilin keyfiyyətinin artırılması baxımından çox əhəmiyyətli bir addımdır. Qazaxıstan və Azərbaycan arasında səhiyyə və tibb təhsili sahəsində əməkdaşlığın gücləndirilməsi, həmçinin elmi tərəfdaşlığın artırılması məqsədilə belə tədbirlər mühüm rol oynayır.