
Azərbaycan Tibb Universitetinin (ATU) İctimai Səhiyyə fakltəsinin təşəbbüsü ilə İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasında Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə professor-müəllim heyəti və tələbələrin iştirakı ilə tədbir təşkil olunub.
Tədbirdən öncə iştirakçılar kafedranın foyesində İnsan Hüquqları Gününə həsr olunan stend və tələbələrin çəkdiyi rəsm əsərləri ilə tanış olublar. Sərgidə insan hüquqlarının mahiyyəti, bərabərlik, diskriminasiyanın qarşısının alınması, gender hüquqları və fərdi azadlıqlar mövzularını əks etdirən işlər təqdim olunub.
Tədbiri giriş sözü ilə açaraq İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının müdiri, t.e.d., dosent Yaqut Hacıyeva insan hüquqlarının qorunmasının müasir cəmiyyətin əsas prioritetlərindən olduğunu vurğulayıb və bu mövzunun tibb ictimaiyyəti üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
ATU-nun Təlim-tərbiyə işləri üzrə prorektoru Mahir Səfərov bu cür tədbirlərin tələbələrin maarifləndirilməsində, həmçinin onların bir vətəndaş kimi yetişməsində mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Tədbir zamanı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Təlim resurs şöbəsinin müdir müavini Pərvin Quliyeva, İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının dosenti, t.ü.f.d. Fərəh Baxışlı çıxış edərək insan hüquqlarının qorunması sahəsində dövlət siyasəti, səhiyyədə insan hüquqlarının tətbiqi, tibbi etika və pasient hüquqları mövzularına toxunublar.
Bundan sonra İnsan Hüquqları Gününə həsr olunan maarifləndirici videoçarx nümayiş etdirilib.
Tədbirin sonunda dos. Yaqut Hacıyeva İnsan Hüquqları Günü münasibətilə sərgidə rəsm əsərlərini təqdim edən tələbələrə xüsusi təşəkkürünü bildirirək qeyd edib ki, tələbələrin hazırladığı işlər insan hüquqlarının mahiyyəti və cəmiyyət üçün əhəmiyyəti əks edir. Həmin tələbələrə kafedra tərəfindən hədiyyələr təqdim edilib.