
Azərbaycan Tibb Universitetinin (ATU ) Xarici Dillər Kafedrası tərəfindən tədris prosesinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən ardıcıl fəaliyyətin növbəti nəticəsi olaraq, 365 səhifəlik yeni ingilis dili dərsliyi “Foreign Language in Business and Academic Communication” nəşr olunub.
Hazırlıq kursu tələbələri üçün nəzərdə tutulan bu nəşr, həm məzmunun strukturlaşdırılması, həm də praktiki tətbiq baxımından müasir tələblərə uyğun şəkildə hazırlanıb.
Dərslikdə mövzu izahları ilə yanaşı, geniş test bölmələri də yer alır. Bu testlər tələbələrin həm mövzunu dərindən mənimsəməsinə, həm də imtahanlara daha sistemli şəkildə hazırlaşmasına imkan yaradır. Materialların aydın strukturu, tapşırıqların ardıcıllığı və praktiki nümunələrin bolluğu dərsliyi daha rahat istifadəli və işlək edir.
Kafedra müdiri professor Zemfira Məmmədova, yeni nəşrlə bağlı bildirib: “Azərbaycan Tibb Universitetində ingilis dili tədrisinin daim yenilənməsi və təkmilləşdirilməsi bizim əsas hədəflərimizdəndir. Hazırladığımız bu dərslik ‘Foreign Language in Business and Academic Communication’ tələbələrin hazırlıq prosesində daha səmərəli nəticə əldə etməsinə xidmət edir. Kitabın müəllifi kafedranın dosenti, Rəna Hüseynovadır. Gələcəkdə də müasir standartlara uyğun yeni dərs vəsaitlərinin hazırlanması istiqamətində fəaliyyətimizi davam etdirəcəyik.”
Xarici Dillər Kafedrasının mütəmadi şəkildə həyata keçirdiyi nəşr fəaliyyəti bu sahədə keyfiyyətli tədris vəsaitlərinin yaradılması və tələbələrin dil bacarıqlarının yüksəldilməsi istiqamətində atılan vacib addımlardan biridir.