.jpg)
Dekabrın 15-də ATU-nun Rezidentura və magistratura şöbəsi və Tədris Terapevtik Klinikasının Endokrinologiya şöbəsinin birgə təşkilatçılığı ilə rezidentlər üçün “İnsulin pompası” mövzusunda seminar keçirilib.
Tədbirin moderatoru, Rezidentura və magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilov davamlı tibbi təhsilin əhəmiyyətindən danışıb və seminarın mövzusunu diqqətə çatdırıb. Dünya miqyasında, o cümlədən Azərbaycanda şəkərli diabetin geniş yayıldığını və müalicəsinin vacibliyini qeyd edib: “Diabet, bədənin qlükozanı enerji üçün istifadə etməsində problem yaşanan maddələr mübadiləsi xəstəliyidir, bu ya insulinin çatışmazlığı, ya da bədənin insulindən səmərəli istifadə edə bilməməsi səbəbindən baş verir. Diabet dünya üzrə geniş yayılmış ciddi sağlamlıq problemidir”.
Seminarda çıxış edən Daxili xəstəliklər kafedrasının rezidentlər üzrə məsul şəxsi, həkim-endokrinoloq, assistent Könul İsmayılova mövzunun aktuallığına toxunaraq bildirib ki, insulin pompası gələcəyin texnologiyalarından biridir: “Xəstələrin insulin pompasından düzgün istifadə qaydaları ilə bağlı maarifləndirilməsi hipoglikemiya və ketoasidoz riskinin, xüsusilə I tip şəkərli diabetli xəstələrdə azalmasına imkan yaradır. Bu isə insulindən asılı şəkərli diabet xəstələrinin həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına xidmət edir. Şəkərli diabet qanda qlükoza səviyyəsinin daimi nəzarətdə saxlanılmasını tələb edən xroniki xəstəlikdir və bu, həyat keyfiyyətinə və gözlənilən ömür uzunluğuna birbaşa təsir göstərir. Məhz buna görə insulin pompalarının tibbi praktikaya tətbiqi pasiyentlərin həyatını əhəmiyyətli dərəcədə asanlaşdırır və yaxşılaşdırır”.
Bundan sonra I kurs rezidenti Reyhan Əşrəfova mövzu üzrə məruzə ilə çıxış edərək insulin pompasının üstün və mənfi cəhətlərinə aydınlıq gətirib. Məruzəçi tərəfindən insulin pompalarının müxtəlif növləri təqdim olunub, bu müalicə üsulunun daha çox hansı pasiyentlər üçün uyğun olduğu, eləcə də insulin pompasından düzgün istifadə qaydaları izah edilib. Rezident müasir dövrdə mövzunun aktuallığını və tibbi texnologiyaların sürətli inkişafını xatırladaraq, insulin pompasının mahiyyəti, iş prinsipi, bu cihazın üstünlükləri və çatışmazlıqları haqqında ətraflı məlumat verib.
Diskussiya şəraitində keçən seminarda klinikanın baş həkimi Fəridə Hacıyeva, şöbə müdiri Səbinə Məşədiyeva, eləcə də endokrinologiya sahəsi üzrə həkimlər, rezidentlər, tələbələr və tədqiqatçılar iştirak ediblər.