Bizi izləyin:
Heydər Əliyev
Nevrologiya kafedrası 61-ci Ulusal Nevroloji Konqresdə uğurla təmsil olunub

Nevrologiya kafedrası 61-ci Ulusal Nevroloji Konqresdə uğurla təmsil olunub

Azərbaycan Tibb Universitetinin (ATU) Nevrologiya kafedrasının əməkdaşları Türkiyənin Antalya şəhərində Türk Nevroloji Dərnəyi tərəfindən təşkil olunan 61-ci Ulusal Nevroloji Konqresdə iştirak edərək universiteti beynəlxalq elmi müstəvidə layiqincə təmsil ediblər.

Konqresdə ATU-nun Nevrologiya kafedrasının dosenti Şəhla Mehtiyeva, assistent Nuridə Tağıyeva və doktorant Sərxan Əmirquliyev fəal iştirak ediblər. Türkiyə, Balkan ölkələri, Kipr Türk Cümhuriyyəti və Azərbaycandan 1500-dən artıq nevroloqun qatıldığı nüfuzlu elmi tədbir müasir nevrologiyanın aktual problemlərinin müzakirəsi üçün mühüm platforma olub.

Konqres çərçivəsində kafedranın elmi iş planına uyğun olaraq “Məktəbyaşlı uşaqlarda baş ağrılarının epidemiologiyası” mövzusunda aparılan tədqiqatın ilkin nəticələri təqdim edilib. Təqdimat zamanı mövzu ətrafında geniş elmi müzakirələr aparılıb, eyni zamanda beynəlxalq elmi ictimaiyyət nümayəndələri ilə gələcək müştərək elmi əməkdaşlıqların qurulması istiqamətində əhəmiyyətli əlaqələr yaradılıb.

Geniş miqyası, müasir formatı və yüksək elmi-tədris səviyyəsi ilə seçilən konqresdə ümumilikdə 30-dan artıq azərbaycanlı nevroloq iştirak edib. Tədbir çərçivəsində alim və həkimlərimiz müasir nevrologiyanın müxtəlif sahələrini əhatə edən məruzələrlə çıxış ediblər. Professor Sədaqət Hüseynova isə “Miqren və psixi komorbidlər” mövzusunda təqdimatla çıxış edib.

Bununla yanaşı, konqres çərçivəsində keçirilən brifinqlərdə iştirak edən nümayəndələrimiz Azərbaycanda nevroloji xəstəliklərin mövcud vəziyyəti və bu sahədə həyata keçirilən dövlət proqramları barədə beynəlxalq iştirakçılara ətraflı məlumat veriblər.

Qeyd edək ki, əvvəlki illərdə olduğu kimi, builki konqres də nevrologiya üzrə bacarıq imtahanları, şifahi və poster təqdimat sessiyaları, eləcə də elmi və sosial tədbirləri özündə birləşdirib.

Paylaş

Dostlarınız ilə paylaşın.