Bizi izləyin:
Heydər Əliyev
ATU-nun kardioloqu Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri seçilib

ATU-nun kardioloqu Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri seçilib

Azərbaycan Kardiologiya Cəmiyyətinin (AKC) təşkilatçılığı ilə XIV Milli Kardiologiya Tədbiri keçirilib. Tədbir üç gün davam edib və təxminən 600 həkim və səhiyyə mütəxəssisi iştirak edib.

Konqresin ikinci günü Azərbaycan Kardiologiya Cəmiyyətinin növbəti dövr üçün Sədri və İdarə Heyətinin seçkisinə həsr olunub. Səsvermənin nəticələrinə əsasən, iştirakçıların 93%-nin dəstəyi ilə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının kardioloqu, t.e.d. Yasmin Rüstəmova Cəmiyyətin sədri seçilib.

Bu nəticə onun peşəkar sahədəki nüfuzunun, həmkarları arasında etibarının və kardiologiya sahəsindəki uzunmüddətli elmi və praktik fəaliyyətinin göstəricisidir. Seçkilər zamanı Y.Rüstəmovanın ölkədə və beynəlxalq arenada kardiologiyanın inkişafı, müasir diaqnostika və müalicə metodlarının tətbiqi, həmçinin həkimlərin bilik və bacarıqlarının artırılması istiqamətindəki töhfələri xüsusi qeyd olunub.

Tədbirin əsas məqsədi kardiologiyanın aktual problemlərinin müzakirəsi, müasir diaqnostika və müalicə yanaşmalarının paylaşılması, elmi bilik və təcrübə mübadiləsinin gücləndirilməsi və peşəkar həmrəyliyin artırılması olub. Konqresdə Türkiyə, Avropa və digər ölkələrdən dəvət olunmuş nüfuzlu xarici məruzəçilər iştirak edərək beynəlxalq təcrübə və yenilikləri bölüşüblər.

Tədbir çərçivəsində həmçinin Lipidologiya Kursu təşkil olunub. Kurs zamanı dislipidemiyaların müasir müalicə strategiyaları, lipid pozğunluqlarının kardiovaskulyar risklə əlaqəsi, beynəlxalq klinik tövsiyələr və real klinik praktikada tətbiq imkanları ətraflı şəkildə müzakirə edilib.

Paylaş

Dostlarınız ilə paylaşın.