

Azərbaycan Tibb Universitetinin (ATU) məzunu Səbinə Nəbizadə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Təşkilati-metodiki şöbəsində həkim-metodist vəzifəsinə təyin olunub. Bununla bağlı ATU ilə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin rəhbər şəxsləri arasında görüş keçirilib.
Görüşdə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov Azərbaycan Tibb Universiteti ilə qurulan əməkdaşlığın uğurlu nəticələr verdiyini qeyd edərək, bu əlaqələrin gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirib.
Azərbaycan Tibb Universitetinin Məzunlarla iş şöbəsinin müdiri Şəfəq Cəbrayılova da məzunların işlə təmin olunması istiqamətində görülən işlərdən söz açaraq, səhiyyə müəssisələri ilə əməkdaşlığın genişləndirilməsinin prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb.
Səbinə Nəbizadə göstərilən dəstəyə görə təşəkkürünü ifadə edərək bildirib ki, ATU-da təhsilini başa vurduqdan sonra Respublika QİÇS-lə Mübarizə Mərkəzində işə qəbul olunmasında Məzunlarla iş şöbəsinin, xüsusilə də şöbə müdirinin yüksək peşəkarlığı və diqqəti mühüm rol oynayıb. O, məzunların məşğulluğu istiqamətində aparılan ardıcıl və məsuliyyətli fəaliyyətin onun peşəkar inkişafı üçün dəyərli stimul olduğunu qeyd edib.
