
Azərbaycan Tibb Universitetinin (ATU) İctimai Səhiyyə fakültəsinin Səhiyyə Klubunun təşkilatçılığı ilə “Antibiotiklərə rezistentlik və ictimai səhiyyənin rolu” mövzusunda maarifləndirici tədbir uğurla keçirilib.
Tədbirin məqsədi antibiotiklərin düzgün istifadə edilməməsi nəticəsində yaranan və hazırda qlobal ictimai səhiyyə problemi kimi dəyərləndirilən antibiotiklərə qarşı rezistentlik mövzusunda iştirakçıların biliklərini artırmaq olub. Görüş zamanı problemin elmi əsasları, yaranma səbəbləri və praktik nəticələri ətraflı müzakirə edilib.
Tədbirdə Təlim-tərbiyə işləri üzrə prorektor dosent Mahir Səfərov, MPF II üzrə dekan İsrail Məhərrəmbəyli və İctimai Səhiyyə fakültəsinin dekanı Qalina Qəniyeva iştirak ediblər.
Tədbirin açılışını Səhiyyə Klubunun sədri və moderator Familə Babazadə edib. Açılış nitqindən sonra mövzuya həsr olunmuş videoçarx nümayiş etdirilib.
Maarifləndirici sessiyada spiker qismində Mikrobiologiya və immunologiya kafedrasının müdiri, professor Həqiqət Qədirova və Epidemiologiya və biostatistika kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Azər Rəşidov çıxış ediblər.
Tədbirin sonunda interaktiv “Kahoot” oyunu təşkil olunub, ən fəal iştirakçılar hədiyyələrlə mükafatlandırılıb. Sonda isə spikerlərə və Səhiyyə Klubunun idarə heyətinin üzvlərinə sertifikatlar təqdim edilib.
Təşkilatçılar tədbirin ərsəyə gəlməsində əməyi olan spikerlərə, universitet rəhbərliyinə və Səhiyyə Klubunun idarə heyətinə təşəkkürlərini bildiriblər.