Bizi izləyin:
Heydər Əliyev
“Hədəfimiz ATU-nun regional və qlobal nüfuzunu daha da yüksəltməkdir”

“Hədəfimiz ATU-nun regional və qlobal nüfuzunu daha da yüksəltməkdir”

Dosent Törə Sadıqova beynəlxalq təhsil və elmi mühitə daha dərin inteqrasiyanın istiqamətlərindən danışır

Müsahibimiz Azərbaycan Tibb Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Törə Sadıqovadır.

– Universitetimizdə beynəlxalq əməkdaşlıq sahəsindəki hazırkı vəziyyəti necə qiymətləndirirsiniz və bu sahədə əsas prioritetlər nədən ibarətdir?
– Hazırda Azərbaycan Tibb Universitetində beynəlxalq əməkdaşlığın inkişaf tempi son illərin ən yüksək səviyyəsindədir. Əvvəllər əsasən protokol xarakteri daşıyan əlaqələr, bu gün artıq tədris prosesinə, klinik praktikaya və elmi fəaliyyətə birbaşa təsir göstərən, real və nəticəyönümlü tərəfdaşlıqlara çevrilməkdədir.
Tələbə, rezident və akademik heyətin mobilliyinin genişlənməsi, birgə elmi-tədqiqat layihələrinin sayının artması, qısamüddətli klinik və akademik proqramların intensivləşməsi bu müsbət dinamikanın əsas göstəricilərindəndir.
Məsələn, 2025-ci ildə Erasmus+ proqramı çərçivəsində ATU-dan 3 nəfər müəllim və tələbə xarici universitetlərdə, eyni zamanda 3 nəfər xarici vətəndaş universitetimizdə akademik fəaliyyət göstərib. Orhun mübadilə proqramı üzrə isə ATU-dan 17 nəfər müəllim və tələbə xaricdə, 7 nəfər əcnəbi vətəndaş universitetimizdə təhsil və tədris prosesinə cəlb olunub.
Bu sahədə əsas prioritetimiz universitetin beynəlxalq təhsil və elmi mühitə daha dərin inteqrasiyasını təmin etməkdir. Yeni strateji tərəfdaşlıqların qurulması, tədrisdə beynəlmiləlləşmə prosesinin gücləndirilməsi, innovativ və rəqəmsal tədris modellərinin qabaqcıl xarici təcrübə əsasında ATU-ya transferi və daha geniş auditoriyaya çatdırılması əsas hədəflər sırasındadır.
– Xarici universitetlərlə qurulan tərəfdaşlıqlar tələbələr və müəllim heyəti üçün hansı imkanları yaradır?
– Belə tərəfdaşlıq münasibətləri həm tələbələr, həm də akademik heyət üçün geniş inkişaf perspektivləri formalaşdırır. Tələbələrin tibbi bilik və bacarıqları yalnız yerli tədris mühiti ilə məhdudlaşmır, onlar müxtəlif ölkələrdə klinik praktika, müasir tədris modelləri və yeni metodoloji yanaşmalara birbaşa çıxış əldə edirlər.
Bu il Orhun mübadilə proqramı çərçivəsində 7 tələbəmiz Türkiyənin müxtəlif ali təhsil müəssisələrində fərqli fakültələr üzrə təhsil alıb.
Müəllim və tədqiqatçı heyət üçün isə bu əməkdaşlıqlar akademik təcrübənin zənginləşdirilməsi, ixtisasartırma proqramlarında iştirak, beynəlxalq konfrans və seminarlarda təmsil olunmaq, eləcə də birgə elmi tədqiqatların aparılması baxımından mühüm əhəmiyyət kəsb edir.
– ATU-nun beynəlxalq proqramlarda iştirak səviyyəsi barədə nə deyə bilərsiniz?
– Son illərdə ATU-nun beynəlxalq proqramlarda iştirakı əhəmiyyətli dərəcədə artıb. Universitet müxtəlif beynəlxalq mübadilə şəbəkələrində fəal şəkildə təmsil olunur, tələbə və rezident mobilliyi genişlənir, müəllim heyətinin xarici akademik səfərləri, təlim və elmi əməkdaşlıqları intensivləşir. 2025-ci ildə Erasmus+ və Orhun proqramları çərçivəsində ATU-dan ümumilikdə 30 nəfər iştirak edib.
Bununla yanaşı, beynəlxalq ali təhsil müəssisələrinin tədris proqramları ilə tam uyğunlaşan, müasir metodikaya əsaslanan kurikulumun formalaşdırılması prosesi hələ də davam etdiyindən, mübadilə proqramlarının daha da optimallaşdırılması və genişləndirilməsi müəyyən zaman tələb edir.
– Törə xanım, universitetimizin beynəlxalq reytinqlərdə mövqeyinin gücləndirilməsi üçün hansı addımlar atılır?
– Bu, ATU-nun bütün struktur bölmələrinin birgə, koordinasiyalı və sistemli fəaliyyətini tələb edən genişmiqyaslı prosesdir. Bu istiqamətdə artıq bir neçə ildir ki, müəyyən edilmiş prioritet sahələr üzrə ardıcıl iş aparılır.
Elmi Departamentin məlumatlarına əsasən, son iki il ərzində elmi nəşrlərin həm sayı, həm də keyfiyyəti əhəmiyyətli dərəcədə artıb. Xüsusilə yüksək impakt faktorlu beynəlxalq jurnallarda məqalələrin dərcini stimullaşdıran təşviq mexanizmlərinin tətbiqi və əməkdaşların elmi fəaliyyətinə göstərilən institusional dəstək bu müsbət dinamikanın formalaşmasında mühüm rol oynayıb.
Bundan əlavə, ingilisdilli tədris proqramlarının genişləndirilməsi, xarici tələbələrin cəlbi üzrə yenilənmiş strategiyanın həyata keçirilməsi, beynəlxalq elmi əməkdaşlıqların şaxələndirilməsi və rəqəmsal təhsil infrastrukturunun modernləşdirilməsi beynəlxalq reytinq meyarlarına uyğunluğun artırılmasına xidmət edir.
Xüsusilə Beynəlxalq əlaqələr şöbəsi QS və digər nüfuzlu beynəlxalq reytinqlərdə ATU-nun mövqeyinin gücləndirilməsi istiqamətində intensiv fəaliyyət göstərir, universitetin beynəlxalq layihələrdə iştirakını təşviq edir, xarici akademik əməkdaşlıqları koordinasiya edir, tələbə və müəllim mübadilələrinin sayının artırılmasına töhfə verir, eləcə də müvafiq məlumatların reytinq qurumlarına vaxtında və düzgün şəkildə təqdim olunmasını təmin edir.
Eyni zamanda, beynəlxalq akkreditasiyaların əldə olunması və təsirli elmi nəşrlərin artırılması ilə bağlı təşəbbüslərin dəstəklənməsi ATU-nun QS reytinqində daha güclü mövqe tutması məqsədini güdür. Bütün bu tədbirlər universitetin beynəlxalq arenada tanınmasına və qlobal akademik mühitdə mövqeyinin möhkəmlənməsinə birbaşa töhfə verir.
– Beynəlxalq əlaqələrin gələcək inkişafı üzrə hansı planlar nəzərdə tutulur?
– ATU-nun beynəlxalq əlaqələrinin gələcək inkişafı universitetin ümumi inkişaf strategiyası ilə tam uzlaşır. Əsas məqsəd Azərbaycan Tibb Universitetinin regional və qlobal miqyasda nüfuzunu daha da artırmaq, onu qlobal tibbi təhsil və elmi mühitdə aktiv mövqeyə malik aparıcı ali təhsil müəssisəsinə çevirməkdir.
Gələcək planlara beynəlxalq tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi, birgə elmi və tədris mərkəzlərinin yaradılması, yeni mobillik proqramlarının tətbiqi, xarici mütəxəssislərin ATU-da mühazirə və seminarlar keçməsi üçün imkanların artırılması, eləcə də beynəlxalq akademik və elmi layihələrin sayının yüksəldilməsi daxildir.

 

Paylaş

Dostlarınız ilə paylaşın.