Bizi izləyin:
Heydər Əliyev
Azərbaycan Tibb Universiteti ilə İnformasiya Texnologiyaları İnstitutu arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Azərbaycan Tibb Universiteti ilə İnformasiya Texnologiyaları İnstitutu arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Azərbaycan Tibb Universiteti ilə Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu arasında rəqəmsal səhiyyə və rəqəmsal tibb sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə dair memorandum imzalanıb.

Azərbaycan Tibb Universitetində (ATU) keçirilən görüşdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli, AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev, eləcə də hər iki qurumu təmsil edən məsul şəxslər, alim və mütəxəssislər iştirak ediblər.

Görüşdə əvvəlcə ATU-nun rektoru, professor Gəray Gəraybəyli çıxış edərək son illər dövlət başçısı tərəfindən elm və təhsilin inteqrasiyası istiqamətində mühüm vəzifələrin müəyyənləşdirildiyini, bu sahədə kompleks tədbirlərin həyata keçirilməsinin, əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin böyük aktuallıq kəsb etiyini qeyd edib.

Müasir dövrdə bütün sahələrdə olduğu kimi, tibb təhsili sferasında da informasiya texnologiyalarından, süni intellektdən geniş istifadə olunduğunu söyləyən rektor, ATU-nun bu istiqamətdə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində fəal iştirak etdiyini deyib. Professor G.Gəraybəyli İnformasiya Texnologiyaları İnstitutu ilə qurulan əməkdaşlıq əlaqələrini, həyata keçirilən birgə multidissiplinar tədqiqatları, layihələri yüksək qiymətləndirib. Rektor institut ilə ATU-nun digər kafedraları arasında da əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin gələcəkdə daha səmərəli birgə layihələrin həyata keçirilməsinə zəmin yaradacağına əminliyini ifadə edib.

Sonra akademik Rasim Əliquliyev çıxış edərək IV Sənaye İnqilabı və süni intellektin təsiri ilə yaranan qabaqcıl texnologiyaların inkişaf etdirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini, Cənab Prezident İlham Əliyev tərəfindən 2025-ci ildə bir neçə mühüm strateji sənədin qəbul edildiyini söyləyib. “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”, “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın alim və mütəxəssislərin qarşısına mühüm vəzifələr qoyduğunu vurğulayıb: “Həmin sənədlərdə süni intellektin digər sahələrlə yanaşı, səhiyyə sektoruna da ciddi dəyişikliklər gətirəcəyi nəzərə alınaraq, bu sferada elmi tədqiqatların və əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, innovasiya mühitinin dəstəklənməsi kimi məsələlərə xüsusi diqqət yetirilir”.

Müasir dövrdə qlobal çağırışlar kontekstində süni intellektin tibbdə tətbiqi məsələsinin daha da aktuallaşdığını vurğulayan akademik Rasim Əliquliyev ölkəmizdə tibbi informatika, rəqəmsal səhiyyənin formalaşması sahəsində institutsional tədbirlərin görülməsinin vacibliyini önə çəkib.   

AMEA-nın vitse-prezidenti ATU ilə 2016-ci ildə əsası qoyulan əməkdaşlıq əlaqələrinin bu gün də uğurla davam etdirildiyini, bu illər ərzində müxtəlif görüşlərin, birgə konfransların, seminarların keçirildiyini qeyd edib. Akademik İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssislərinin ATU-nun şəbəkə infrastrukturunun yenidən qurulmasında fəal iştirak etdiklərini, qabaqcıl texnologiyaların tətbiqi ilə rəqəmsal tibbin inkişaf etdirilməsi, səhiyyənin informasiyalaşdırılması və elektron tibb xidmətlərinin keyfiyyətinin artırılması işlərinə dəstək verdiklərini söyləyib.

Alim cari ilin may ayında keçirilən “Rəqəmsal tibb 4.0: problemlər, imkanlar və perspektivlər” II respublika elmi-praktiki konfransını da xatırladıb. Qeyd edib ki, Azərbaycanda rəqəmsal səhiyyənin formalaşması, generasiya olunan böyük həcmli rəqəmsal səhiyyə və tibb məlumatlarının toplanması, emalı və mübadiləsi kimi bir çox elmtutumlu məsələlərə diqqətin artırılması, rəqəmsal səhiyyənin inkişaf istiqamətləri, problemləri və prioritetlərinin müəyyənləşdirilməsi, eyni zamanda müvafiq sahədə aparılan tədqiqatların monitorinqinin həyata keçirilməsi bu tədbirin əsas hədəflərindən idi.  Konfrans Azərbaycanda rəqəmsal tibbin aktual elmi problemləri və prioritetlərinin müəyyənləşdirilməsi baxımından mühüm nəticələrlə yadda qalmışdır.

AMEA-nın müxbir üzvü, ATU-nun I cərrahi xəstəliklər kafedrasının müdiri, professor Nuru Bayramov çıxış edərək rəhbərlik etdiyi kafedra ilə İnformasiya Texnologiyaları İnstitutu arasında davam edən səmərəli əməkdaşlıq əlaqələrindən bəhs edib, tamamlanmış və hazırda davam edən birgə layihələr, aparılan tədqiqatlar və əldə olunan nailiyyətlər haqqında danışıb. Həmçinin I cərrahi xəstəliklər kafedrası və İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları tərəfindən hazırlanan, tələbələr və rezidentlər üçün nəzərdə tutulan “Cərrahi platforma” adlı çoxdilli və çoxfunksiyalı tədris portalı haqqında məlumat verib.

Görüşdə AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova da çıxış edərək institutda ATU-nun I cərrahi xəstəliklər kafedrası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər, aparılan tədqiqatlar haqqında məlumat verib. Alim e-tibdə Big Data və Data Mining texnologiyalarının tətbiqi, tibbi rəqəmsal əkiz modelləri əsasında pasiyentin sağlamlıq vəziyyətinin proqnozlaşdırılması, tibbi sosial media resurslarının münasibət seqmentlərindəki informasiyanın analizi və qərarların qəbulu istiqamətində araşdırmaların aparıldığını, eyni zamanda qaraciyər xərçənginin erkən diaqnozu üçün intellektual metodların, səhiyyə 4.0 mühitində Əhalinin Sağlamlığı Observatoriyasının formalaşmasının elmi-nəzəri və praktiki əsaslarının işlənildiyini nəzərə çatdırıb. Hepatosellular karsinomanin mərhələlərinin təyini üçün intellektual sistemin işlənildiyini, bu tədqiqatın nəticələrinə görə Avrasiya patentinin aldındığını söyləyib.

Tədbirdə ATU-nun Tibbi və bioloji fizika kafedrasının müdiri, dosent İsmayıl Qafarov, İnfromasiya Texnologiyaları İnstitutunun AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev və institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov da çıxış edərək əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlərdən, qarşıda duran vəzifə və prioritetlərdən danışıblar.

Görüşdə həmçinin ATU-da AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzi vasitəsilə GEANT Asossiasiyasının təqdim etdiyi imkanlardan, sürətli internet və qabaqcıl şəbəkə xidmətlərindən istifadənin təmin edilməsi, institutun alim və mütəxəssisləri tərəfindən ATU-nun tələbələrinə elmi-metodiki dəstəyin göstərilməsi, yüksəkixtisaslı kadrların hazırlanması və birgə qrant layihələrinin həyata keçirilməsinə dair geniş fikir mübadiləsi aparılıb, təkliflər irəli sürülüb.

Sonra Azərbaycan Tibb Universiteti ilə İnformasiya Texnologiyaları İnstitutu arasında rəqəmsal səhiyyə və rəqəmsal tibb sahələrində əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumda innovasiyaların, rəqəmsal texnologiyaların, səhiyyə və tibbi fəaliyyətə dair verilənlərin kibertəhlükəsizliyinin və data suverenliyinin təmin edilməsi sahəsində dövlət siyasətindən irəli gələn vəzifələrin icrasına elmi dəstəyin göstərilməsi, tibbdə süni intellekt və rəqəmsal texnologiyaların tətbiqinə dair birgə elmi tədqiqatların aparılması, qrant layihələrində iştirak, seminar və konfransların təşkili, kadr və təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub.

Paylaş

Dostlarınız ilə paylaşın.