
Azərbaycan Tibb Universitetinin (ATU) Rezidentura və magistratura şöbəsi ilə Tədris Terapevtik Klinikasının Revmatologiya şöbəsinin birgə təşkilatçılığı ilə rezidentlər üçün “Proqressivləşən sistem sklerozun müasir diaqnostikası və müalicə taktikası” mövzusunda elmi mühazirə keçirilib.
Tədbir ATU-nun Rezidentura və magistratura şöbəsi müdirinin müavini, assistent Namiq Xəlilov və ATU Tədris Terapevtik Klinikasının baş həkimi Fəridə Hacıyevanın giriş sözləri ilə açılıb. Namiq Xəlilov çıxışında rezidentlər üçün intizamın və davamlı tibbi təhsilin əhəmiyyətini vurğulayaraq seminarın mövzusunun elmi və praktiki baxımdan xüsusi aktuallıq daşıdığını qeyd edib. O, proqressivləşən sistem sklerozun dəri, qan damarları, əzələlər və daxili orqanları zədələyən, bir çox orqan sistemlərində dəyişikliklərə səbəb olan mürəkkəb autoimmun xəstəlik olduğunu bildirərək, xəstəliyin dünya miqyasında, eləcə də ölkəmizdə vaxtında və düzgün diaqnostikasının müalicə nəticələrinə birbaşa təsir göstərdiyini diqqətə çatdırıb.
Baş həkim Fəridə Hacıyeva isə proqressivləşən sistem sklerozun immun sistemin disfunksiyası və kollagen sintezinin artması ilə xarakterizə olunan mürəkkəb autoimmun xəstəlik olduğunu bildirib, bu səbəbdən effektiv müalicə üsullarının daim elmi diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğulayıb.
ATU Tədris Terapevtik Klinikasının Revmatologiya və qastroenterologiya şöbəsinin müdiri, III Daxili xəstəliklər kafedrasının professoru Sahib Musayev mövzu üzrə əsas məruzə ilə çıxış edərək proqressivləşən sistem sklerozun erkən diaqnostikası, klinik xüsusiyyətləri, differensial diaqnostikası və müasir klinik protokollara əsaslanan müalicə taktikası barədə geniş məlumat verib, həmçinin xəstəliyin mümkün ağırlaşmaları və onların korreksiya üsullarına toxunub.
Professor çıxışında Reyno fenomeninin proqressivləşən sistem sklerozun erkən klinik əlamətlərindən biri olduğunu vurğulayıb və mövzunun tibbi baxımdan nə qədər mürəkkəb və aktual olduğunu məşhur revmatoloq Jordaninin sözləri ilə ifadə edib: “Təbabətdə bütün xəstəliklərin müalicəsi o zaman mümkün olacaq ki, proqressivləşən sistem skleroz müalicə olunsun”.
Tədbirdə ATU Tədris Terapevtik Klinikasının rəhbərliyi, həkimlər, rezidentlər, tələbələr və tədqiqatçılar iştirak ediblər.
Mühazirənin sonunda mövzu ətrafında geniş diskussiya aparılıb və iştirakçıların sualları cavablandırılıb.