26/12/2025 16:24
Neyroinkişaf pozuntusu olan uşaqların reabilitasiyasında effektiv metodlar

Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilati dəstəyi, Azərbaycan Pediatrlar Assosiasiyasının (APA) təşkilatçılığı ilə "Neyroinkişaf pozuntusu olan uşaqlarda koqnitiv disfunksiyaların reabilitasiyasında multidisiplinar yanaşma" mövzusunda elmi konfrans keçirilib.
Konfransın ilk sessiyasında APA-nın sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə “Neyroinkişaf pozuntularına erkən müdaxilə” mövzusunda məruzə edib. O, uşaqlarda inkişaf ləngimələrinin erkən yaşda müəyyən edilməsinin gələcək nəticələr üçün həlledici olduğunu vurğulayıb. Bildirib ki, vaxtında göstərilən dəstək uşağın cəmiyyətə uyğunlaşmasını xeyli asanlaşdırır, onun ünsiyyətini, müstəqil yaşama bacarıqlarını əhəmiyyətli dərəcədə gücləndirir.
Psixologiya üzrə fəlsəfə doktoru, dosent Limunət Əmrahlı “Autizmli şəxslərlə təlimin təşkilində müasir yanaşmalar” haqqında danışarkən bildirib ki, hər bir uşaq üçün xüsusi və fərdi öyrənmə proqramı hazırlanmalıdır. Bu müasir metodlar uşaqların ətrafdakılarla daha rahat ünsiyyət qurmasına birbaşa kömək edir.
Uşaq nevroloqu Ülkər Mürsəlova “Autizmli uşaqlarda komorbid halların tanınması” təqdimatında vurğulayıb ki, autizmlə bərabər rast gəlinən digər sağlamlıq problemləri mütləq nəzərə alınmalıdır. Həmin problemlərin aradan qaldırılması uşağın həm davranışına, həm də ümumi fiziki vəziyyətinə müsbət təsir göstərir.
Tibb üzrə fəlsəfə doktoru, dosent Aysel Qəlbinur “Uşaqların nevroloji inkişaf problemlərində oftalmoloji strategiyalar” mövzusunda çıxışında qeyd edib ki, görmə qabiliyyəti birbaşa beyin funksiyaları ilə əlaqəlidir. Müntəzəm göz müayinələri vasitəsilə uşaqdakı bəzi sinir sistemi problemlərini öncədən hiss etmək mümkündür.
II Uşaq xəstəlikləri kafedrasının dosenti Ülviyyə Hacıyeva “Autizm spektr pozuntuları olan uşaqlarda giardiasis. Diaqnostikası və müalicəsi” adlı çıxışında bəzi parazitlərin uşaqların sinir sisteminin işinə mane ola biləcəyini deyib. Bu infeksiyalar müalicə edildikdə, uşağın həm diqqəti artır, həm də özünü daha gümrah hiss edir.
Tədbirin növbəti sessiyalarında mütəxəssislər müalicə prosesinin digər mühüm tərəflərinə toxunublar. Dr. Səbinə Cəfərova “Autizm və peyvəndlər: Miflər, elmi faktlar və müasir tövsiyələr” mövzusunda təqdimatında peyvəndlərin autizm yaratması ilə bağlı fikirlərin heç bir elmi əsasının olmadığını bildirib, uşaqları ağır xəstəliklərdən qorumaq üçün peyvəndlərin vacibliyini vurğulayıb. Dr. Vüsalə Hüseynova “Neyroinkişaf pozuntusu olan uşaqlarda koqnitiv funksiyaların yaxşılaşdırılması: Multidisiplinar reablitasiya strategiyaları” barədə çıxış edərək bildirib ki, fərqli sahə həkimlərinin birgə fəaliyyəti reabilitasiyanın uğurunu təmin edir. “Autizm spektr pozuntusu” mövzusunda çıxışında uşaq və yeniyetmə psixiatrı Ceyhun Cəfərov qeyd edib ki, bu diaqnoza sahib uşaqların ailə və cəmiyyət tərəfindən düzgün anlaşılması çox əhəmiyyətlidir. Onların gizli qalan bacarıqlarını üzə çıxarmaqla müstəqil həyata addım atmalarına kömək etmək mümkündür. Uşaq nevroloqu Röyanə Quluzadə “Neyroinkişaf pozuntuları olan uşaqlarda sensor inteqrasiya terapiyası” haqqında məlumat verərək bildirib ki, xüsusi hərəkət və oyunlar vasitəsilə uşağın dünyanı qavraması yaxşılaşır. Psixiatr Elmir Təhməzov “Uşaq və yeniyetmələrdə intihar davranışı” adlı təqdimatında intiharın bir çıxış yolu deyil, əslində uşağın yardıma ehtiyac duyduğunu və bu davranışın arxasında duran psixoloji amillərin dərindən araşdırılmalı olduğunu bildirib. Qastroenteroloq, Nərmin Novruzova “Uşaq inkişafında vacib məqamlar, nevroloji yanaşma” təqdimatında vurğulayıb ki, sağlam qidalanma beyin hüceyrələrinin düzgün böyüməsi üçün təməl şərtdir. Həkim uşağın sinir sistemini daha da gücləndirən müalicə və reabilitasiya tədbirlərinin vacibliyini qeyd edib.
Konfransın yekununda ekspertlər sualları cavablandırıb, iştirakçılara sertifikatlar verilib.
Paylaş
Dostlarınız ilə paylaşın.