Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında “Orqan transplantasiyası” mövzusunda II Beynəlxalq elmi konfransın açılışı oldu. Türkiyənin İnönü Universiteti (Malatya) və ATU-nun birgə təşkilatçılığı ilə keçirilən konfransda transplantasiya sahəsində hər iki ölkənin mütəxəssisləri, gənc alimlər və rezidentlər iştirak ediblər.
Konfrans başlamamışdan öncə qardaş Türkiyədə baş vermiş terror aktında həlak olan insanlar bir saniyəlik sükutla yad edildi.
Konfransı giriş sözü ilə ATU-nun rektor əvəzi, tədris işləri üzrə prorektor, professor Sabir Əliyev açaraq, toplantı iştirakçılarını salamladı və bu konfransın artıq gözəl bir ənənə halını aldığını vurğuladı. O, konfransın əsas mahiyyətinin Azərbaycan və Türkiyədə orqan transplantasiyasının son nailiyyətləri, təcrübə mübadiləsi və transplantalogiyadakı yeniliklər barədə iştirakçıları məlumatlandırmaq olduğunu qeyd etdi.
S.Əliyev həmçinin bildirdi ki, Malatya İnönü Universiteti, Qaraciyər Transplantasiyası İnstitutu bu sahədə özünü artıq tanıtmış bir institutdur: "Bu, 300-dən çox qaraciyər transplantasiyası keçirmiş bir institutdur. Avropada bu sahədə irəliləmiş ilk institutdur və bizim universitetlə belə sıx əlaqələrinin olması da bizim üçün olduqca sevindirici bir haldır. Azərbaycanda orqan transplantasiyası əməliyyatlarının sayı da ilbəil artır". ATU-nun Türkiyənin bir çox universitetləri ilə sıx əlaqələrindən söhbət açan S.Əliyev onların sırasında İnönü və Başkent universitetlərinin də olduğunu bildirib.
Daha sonra Malatya İnönü Universiteti, Qaraciyər Transplantasiyası İnstitutunun Prof. Dr. Sezai Yılmaz çıxış edərək, bu universitet əməkdaşları ilə birgə olduqca çox insan üzərində qaraciyər transplantasiyası əməliyyatı həyata keçirdiklərini qeyd etdi: “Bu klinikada bir həkimin rahat işləməsi üçün hər cür şərait yaradılıb, yeni avadanlıqlar quraşdırılıb”.
Konfransın davamında ATU-nun Tədris Cərrahiyyə Klinikasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nuru Bayramov çıxış edərək, məruzəçilərə uğurlar dilədi.
Konfransın davamında mühazirələr dinlənildi.