Bizi izləyin:
Heydər Əliyev
Uşaqlarda infeksion xəstəliklər barədə geniş müzakirələr aparılıb

Uşaqlarda infeksion xəstəliklər barədə geniş müzakirələr aparılıb

2025-ci ildə “Milli Pediatriya Akademiyası – 95 il” yubiley layihəsi çərçivəsində Azərbaycan Pediatrlar Assosiasiyası uşaq təbabətinin ən aktual mövzularını və innovativ müalicə üsullarını əhatə edən silsilə elmi-praktiki konfranslar, interaktiv seminarlar və genişmiqyaslı aksiyalar həyata keçirib. “Azərbaycan Pediatrlar Assosiasiyası 95 il uşaq sağlamlığının keşiyində” devizi ilə keçirilən hər bir tədbir gələcəyimiz olan körpələrin rifahına və pediatriya sahəsindəki akademik potensialın gücləndirilməsinə xidmət edir.

Bu layihənin davamı olaraq, Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilati dəstəyi, Azərbaycan Pediatrlar Assosiasiyasının (APA) təşkilatçılığı ilə “Uşaqlarda infeksion xəstəliklər: Yeni nəsil diaqnostika və müalicə strategiyaları” mövzusunda elmi konfrans keçirilib.

Tədris Terapevtik Klinikada təşkil edilən tədbirdə yüksək ixtisaslı həkimlər və tanınmış mütəxəssislər geniş fikir mübadiləsi aparıblar.

APA-nın sədri, ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosenti Təranə Tağı-zadə “Uşaqlarda brusellez” mövzusunda təqdimatında bu patologiyanın uşaq orqanizmində yarada biləcəyi ciddi fəsadlardan və müasir terapevtik üsulların effektivliyindən bəhs edib. Alim erkən diaqnostikanın xroniki halların qarşısının alınmasında həlledici rol oynadığını və beynəlxalq protokolların milli səhiyyə sisteminə inteqrasiyasının vacibliyini diqqətə çatdırıb.

II Uşaq xəstəlikləri kafedrasının dosentləri Ülviyyə Hacıyeva, Fəxriyyə Məmmədova, Lalə Hidayətova, Aytəkin Adilova, Yoluxucu xəstəliklər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Sulduz Əhmədova, eləcə də tibb üzrə fəlsəfə doktorları, dosent Samir Məmmədov, İlhamə Hüseynova və dosent Səbinə Cəfərova uşaqlarda rast gəlinən müxtəlif infeksion xəstəliklər barədə ətraflı çıxışlar ediblər.

Məruzələrdən sonra konfransın müzakirə mərhələsində suallar ətrafında fikir mübadiləsi aparılıb və təcrübəli ekspertlərin tövsiyələri dinlənilib.

 

 

 

Paylaş

Dostlarınız ilə paylaşın.