
Mütəxəssis deyir ki, xəstə insanlar qızdırmanı dərman vasitəsilə aşağı salaraq ictimai yerlərə çıxmamalıdır
Son vaxtlar havaların soyuması ilə respirator virus infeksiyaları, xüsusilə də qripə yoluxma hallarında artım müşahidə olunur. Mövsümi xarakter daşıyan bu xəstəlik bəzi əhali qrupları üçün ciddi risklər yaradır. Mövzu ilə bağlı Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri, dosent Cəlal İsayev “Təbib” qəzetinə açıqlama verib.
C.İsayevin sözlərinə görə, hazırda qrip infeksiyasının sürətlə yayılması əsasən mövsümi amillərlə əlaqədardır: “Qrip adətən ilin soyuq aylarında daha geniş yayılır. Bunun əsas səbəbi virusların soyuq hava şəraitində daha uzun müddət aktiv qala bilməsi və insanların bu dövrdə qapalı məkanlarda daha sıx təmasda olmasıdır”.
Kafedra müdiri bildirib ki, qrip infeksiyası xüsusilə 60 yaşdan yuxarı şəxslər və körpə uşaqlar üçün təhlükəlidir. Onun sözlərinə görə, cəmiyyətdə rast gəlinən hər bir respirator xəstəlik çox vaxt ümumi şəkildə “qrip” adlandırılır: “Ola bilər ki, həmin dövrdə qrip virusu olmasın, əvəzində digər respirator virus infeksiyaları yayılsın. Lakin əhali arasında bunların hamısına ümumi olaraq qrip deyilir”.
Həkim vurğulayıb ki, xəstəliyin gedişində əsas rol oynayan amillərdən biri immun sisteminin vəziyyətidir: “İmmuniteti zəif olan şəxslərdə bu xəstəlik daha ağır keçir. Bu səbəbdən ilk əlamətlər yaranan kimi, mütləq həkimə müraciət edilməlidir. Heç bir halda özbaşına müalicəyə yol verilməməlidir”.
Mütəxəssis qeyd edib ki, qripdən qorunmaq üçün profilaktik tədbirlərə ciddi şəkildə əməl olunmalıdır. Xəstəliyin geniş yayıldığı dövrlərdə insanların sıx toplaşdığı məkanlardan uzaq durmaq, kütləvi tədbirlərdə iştirak edərkən maskadan istifadə etmək tövsiyə olunur: “Maska tənəffüs yolu ilə yayılan virusların qarşısını almaqda mühüm rol oynayır və həm sağlam insanı yoluxmadan qoruyur, həm də xəstə şəxsin başqalarını yoluxdurmasının imkan vermir”.
C.İsayev xəstə olan şəxslərin məsuliyyətli davranmalı olduqlarını da diqqətə çatdırıb: “Xəstə insanlar temperaturu dərman vasitəsilə aşağı salaraq işə və ya ictimai yerlərə çıxmamalıdır. Qızdırmalı dövrdə mütləq yataq rejiminə əməl edilməli və ev şəraitində həkim təyinatına uyğun müalicə aparılmalıdır”.
Kafedra müdiri qidalanmanın da mühüm rol oynadığını bildirib: “Burada söhbət çox yeməkdən deyil, keyfiyyətli və faydalı qidaların qəbulundan gedir. Qida rasionunda meyvə və tərəvəzlərə üstünlük verilməlidir. Çünki onlar orqanizm üçün vacib vitamin və mikroelementlərlə zəngindir”.
C. İsayev vitamin preparatlarının müəyyən fasilələrlə qəbulunun faydalı ola biləcəyini bildirib və əlavə edib ki, qışda meyvə-tərəvəz az istifadə olunduqda, bu preparatlar orqanizmin müqavimətini artıra bilər, lakin əsas vitamin mənbəyi yenə də təbii qidalardır. Həkim, həmçinin qeyd edib ki, xalq arasında geniş yayılan limonlu, zoğallı və bitki çayları köməkçi vasitə kimi faydalıdır və ev şəraitində hazırlanan zoğal, qarağat və digər meyvə mürəbbələri xəstəlik zamanı orqanizmə yaxşı təsir göstərə bilər.
Pandemiya ilə bağlı narahatlıqlara da münasibət bildirən mütəxəssis vurğulayıb ki, qış mövsümündə müşahidə olunan bütün respirator infeksiyalarını pandemiya kimi qiymətləndirmək düzgün deyil: “Əsas məqsəd panikaya düşmək yox, şəxsi gigiyena qaydalarına və profilaktik tədbirlərə əməl etməkdir”.
Sonda mütəxəssis xüsusilə yaşlı insanların və 5 yaşadək uşaqların daha diqqətlə qorunmasının vacibliyini qeyd edib və hər kəsi öz sağlamlığına məsuliyyətlə yanaşmağa çağırıb.