Bizi izləyin:
Heydər Əliyev
ATU-nun Əczaçılıq kimyası kafedrasında “Nümunəvi dərs”lər keçirilir

ATU-nun Əczaçılıq kimyası kafedrasında “Nümunəvi dərs”lər keçirilir

Son illərdə Azərbaycan Tibb Universitetində (ATU) təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə bir sıra innovativ islahatlar həyata keçirilir. Bu istiqamətdə atılan mühüm addımlardan biri də müəllimlərin peşəkar inkişafına xidmət edən “nümunəvi dərs”lərin təşkili ilə bağlıdır. Belə dərslərdən biri də ATU-nun Əczaçılıq kimyası kafedrasında keçirilib.

“Nümunəvi dərs”lər kafedranın professor-müəllim heyətinin iştirakı ilə təşkil olunaraq, növbəti semestr üzrə təqvim mövzu planına əsasən tədrisi nəzərdə tutulan dərslərin müzakirəsini və həmin mövzulara uyğun praktik işlərin icrasını əhatə edir. Bu yanaşma müəllimlərin ixtisas səviyyəsinin yüksəldilməsinə, xüsusilə gənc müəllimlərin pedaqoji bacarıqlarının inkişafına mühüm töhfə verir.

Tədbir çərçivəsində Əczaçılıq kimyası kafedrasında “Əczaçılıq kimyası I” fənni üzrə 2025/2026-cı tədris ilinin yaz semestrinin birinci dərsi müzakirə olunub. Mövzu ilə bağlı kafedranın dosenti Fuad Məmmədov geniş məlumat verib. Qeyd olunub ki, kafedra müdirinin təklifinə əsasən müzakirələr sadə təqdimat formasında deyil, interaktiv və müzakirə formatında aparılıb.

Müzakirələr zamanı kafedranın əməkdaşları – professor Cəmilə Yusifova, dosent Vaqif İskəndərov, baş müəllim Emiliya Balayeva və digər müəllimlər mövzu üzrə diqqət yetirilməli əsas məqamlarla bağlı fikirlərini bölüşüblər. “Nümunəvi dərs” zamanı Qafarova Dostu və Hacıbəyli Tahirə də müzakirələrdə fəal iştirak ediblər.

Yekunda kafedranın müdiri, professor Tahir Süleymanov çıxış edərək mövzu ilə bağlı fikirlərini səsləndirib. O, dosent Fuad Məmmədovun mövzunu ətraflı şəkildə izah etdiyini qeyd etməklə yanaşı, izahlar zamanı praktik təcrübədən olan nümunələrə daha çox yer verilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, tələbələr ilk dəfə kafedraya gəldikləri üçün fənnə marağın yaradılması və mövzuların daha yaxşı mənimsənilməsi baxımından praktik faktlarla zəngin izahlar mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, “nümunəvi dərs”lərin əhəmiyyəti nəzərə alınaraq, fevral ayının 15-dək növbəti mövzular üzrə bu cür dərslərin keçirilməsi planlaşdırılır.

 

Paylaş

Dostlarınız ilə paylaşın.