Bizi izləyin:
Heydər Əliyev
Əcnəbi tələbəmiz: “Hələ uşaq olarkən bilirdim ki, həkim olacağam”

Əcnəbi tələbəmiz: “Hələ uşaq olarkən bilirdim ki, həkim olacağam”

Azərbaycan Tibb Universitetində (ATU) uzun illərdir ki, yerli tələbələrlə yanaşı, xarici ölkə vətəndaşları da təhsil alırlar. Hazırda universitetdə 50-dən çox ölkədən olan 2600-ə yaxın xarici tələbə müasir beynəlxalq standartlara cavab verən təhsil alır. Xarici tələbələrin sayına görə ATU ölkə üzrə universitetlər arasında birinci yerdə qərarlaşaraq, Azərbaycanın təhsil və tibb sahəsinin inkişafına mühüm töhfə verir.

Bu dəfəki müsahibimiz ATU-nun Müalicə-profilaktika fakültəsinin I kurs tələbəsi, əcnəbi tələbəmiz Stefaniia Spiridonovadır.

Tələbəmizin sözlərinə görə, tibb onun üçün sadəcə peşə deyil, eyni zamanda incəsənətin bir növüdür. “İnsan bədəni mənə kainatı xatırladır və bu məni həmişə heyran edib. Tibb anatomiya, fizika, psixologiya, fəlsəfə və digər elm sahələrini birləşdirir. Bu səbəbdən tibb sahəsini sevirəm”, – deyə Stefaniia bildirib.

O qeyd edib ki, hələ uşaq yaşlarından həkim olacağına qərar verib: “Hər zaman insanlara qarşı sevgi və empatiya hiss etmişəm. Düşünürəm ki, mərhəmət hissinə malik olmayan insan yaxşı həkim ola bilməz. İnsanlara sevgi və qayğı ilə yanaşmaq vacibdir, çünki onların bizə – həkimlərə ehtiyacı var”.

Stefaniia ailəsinin onun seçiminə əvvəlcə təəccüblə yanaşdığını, lakin bu qərarı böyük hörmətlə qarşıladıqlarını bildirib. “Yaxınlarım incəsənətə marağıma görə memarlıq və ya yaradıcılıq sahəsini seçəcəyimi düşünürdülər. Amma mən həyatımı tibbə həsr etmək istədim. Tədris prosesinə böyük məsuliyyətlə yanaşıram, dərslərdə fəal iştirak edirəm. Tələbə olmamışdan əvvəl xeyriyyə layihələrində könüllü kimi çalışmışam və uzun müddət qan donoru olmuşam”, – deyə o əlavə edib.

Əcnəbi tələbə ATU-da tədris prosesi ilə bağlı da fikirlərini bölüşüb. Onun sözlərinə görə, ən sevdiyi fənlər anatomiya və histologiyadır. Dərslər zamanı müəllimlər tərəfindən zəngin və zəruri məlumatların təqdim olunduğunu vurğulayan Stefaniia tədrislə şəxsi həyat arasında balansı qorumağın bəzən çətin olduğunu, lakin bunun öhdəsindən gəldiyini bildirib. Asudə vaxtlarında səyahət etməyi, muzeyləri ziyarət etməyi, rəsm çəkməyi və fortepianoda ifa etməyi sevdiyini qeyd edib.

Krasnoyarsk şəhərində böyüyən tələbəmiz Bakı ilə bağlı təəssüratlarını da bölüşüb. O, paytaxtın gözəlliyinin və insanların mehriban, yardımsevər olmasının onu valeh etdiyini bildirib.

Sonda Stefaniia gələcək tələbələrə müraciət edərək müəllimlərlə ünsiyyət qurmağı, suallar verməyi və təşəbbüskar olmağı tövsiyə edib. Onun sözlərinə görə, tələbəlik illəri gələcəkdə uğurlu karyera qurmaq üçün unikal və dəyərli bir dövrdür.

 

Paylaş

Dostlarınız ilə paylaşın.