
Azərbaycan Tibb Universitetində (ATU) Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyəsi və universitet rəhbərliyinin tapşırığı əsasında Doktorantura Şöbəsi tərəfindən təşkil olunan növbəti “tibbi statistika” təlimlərinə başlanılıb.
Təlimlər Tibbi və bioloji fizika kafedrasının müdiri İsmayıl Qafarovun layihəsi əsasında hazırlanıb və iyun ayına qədər davam edəcək. Proqram ilkin mərhələdə tanışlıq xarakterli mühazirələri, növbəti mərhələlərdə isə praktik məşğələlər və tətbiqi statistik analizləri əhatə edir.
Təlimlərin əsas məqsədi tibb və biologiya sahəsində aparılan elmi tədqiqatların metodoloji səviyyəsini yüksəltmək, əldə olunan nəticələrin statistik dürüstlüyünü təmin etmək və elmi əsaslandırmanı gücləndirməkdir. Təlimlərdə statistikaya yalnız hesablamalar toplusu kimi deyil, elmi düşüncə və qərarvermə mədəniyyəti kimi yanaşmanın vacibliyi xüsusi vurğulanır. İştirakçıların diqqətinə çatdırılıb ki, statistik metodların mexaniki tətbiqi elmi dəyər yaratmır, əsas məqsəd düsturların və proqram təminatının arxasında dayanan məntiqin dərindən dərk edilməsidir. Klinik qərarların verilməsində statistik yanaşmanın rolu konkret nümunələrlə izah olunub, statistik səhvlərin real tibbi nəticələrə səbəb ola biləcəyi qeyd edilib.
Təlimlər çərçivəsində statistik hipotezlərin yoxlanılması, I və II növ səhvlərin interpretasiyası, eləcə də “statistik əhəmiyyət” anlayışının mahiyyəti ətraflı şərh edilib. Bildirilib ki, statistik əhəmiyyət hər zaman klinik və praktik əhəmiyyət demək deyil və bu fərqin düzgün qiymətləndirilməsi tədqiqatçının peşəkarlığını müəyyən edən əsas meyarlardandır.
Təlimlərdə ATU-nun doktorantları ilə yanaşı, Elmi Araşdırmalar Mərkəzinin əməkdaşları, müxtəlif elmi-tədqiqat institutlarının, o cümlədən kardiologiya, pediatriya, mamalıq və ginekologiya, oftalmologiya, cərrahiyyə və Respublika Klinik Xəstəxanasının alim və mütəxəssisləri iştirak edirlər. Ümumilikdə 100-dən çox alim və tədqiqatçının iştirakı tədbirin aktuallığını göstərir.
Qeyd edək ki, “tibbi statistika” təlimləri uzunmüddətli perspektivdə elmi araşdırmaların keyfiyyətinin artırılmasına, gənc alimlərin metodoloji hazırlığının gücləndirilməsinə və beynəlxalq elmi standartlara uyğun tədqiqatların aparılmasına xidmət edir. Təlim proqramının bütün mərhələlərində iştirak edən və praktiki məşğələləri uğurla tamamlayan dinləyicilərə yekunda sertifikatların verilməsi nəzərdə tutulur.