.jpeg)
2026-cı il 26 yanvar tarixində Azərbaycan Tibb Universitetinin 4-cü tədris binasında elmi fəaliyyət, innovasiya və sahibkarlıq düşüncəsini bir araya gətirən seminar keçirilib. Tədbir Elmi Tədqiqatların İdarə olunması Departamentinin təşəbbüsü ilə təşkil olunub.
Dosent Sevinc Pənahova çıxışında elmimetriya, elmi nəşrlərin keyfiyyəti və “ATU Jurnalı”nın universitetin akademik nüfuzunun formalaşmasındakı rolu haqqında danışıb. Təqdimat çərçivəsində iştirakçılara Scopus, Web of Science (WoS), EBSCO kimi əsas elmi və elmimetriya platformaları haqqında məlumat verilib. Bu platformalarda şəxsi adla qeydiyyatın üstünlükləri, istifadə qaydaları, CME ballarının toplanması imkanları, resurs bazaları, elmi jurnalların düzgün seçimi və bibliografik menecerlərdən istifadə prinsipləri qısa və praktik formada izah olunub.
Proqramın əsas vurğusu dəvət olunmuş spiker Rasim Abdullayevin çıxışı olub. O, startapları trend anlayışı kimi deyil, səhiyyə və tibb sisteminin real transformasiya aləti kimi təqdim edib. Çıxışda texnologiyaların klinik praktikaya inteqrasiyası, innovativ həllərin tibbi xidmətlərin keyfiyyətinə təsiri və sahibkarlıq yanaşmasının səhiyyənin davamlı inkişafındakı rolu xüsusi vurğulanıb.
Seminar canlı və interaktiv formatda keçib. İştirakçılar suallar verib, fikir mübadiləsi aparıb, elmin və tibbin gələcəyi ilə bağlı müzakirələr ediblər.
Bu tip görüşlər ATU-da elmin ayrıca sahə deyil, inkişafın mərkəzi elementi kimi formalaşmasına, innovasiyanın isə abstrakt anlayış yox, real dəyişiklik aləti kimi qəbul edilməsinə xidmət edir. Universitet getdikcə bilik, texnologiya və tibbi praktikanın birləşdiyi vahid inkişaf ekosisteminə çevrilir.