
Yanvarın 30-da Azərbaycan Tibb Universitetində Uşaq cərrahiyyəsi kafedrasının professoru, tibb elmləri doktoru Çingiz Quliyevin 85 illik yubileyinə həsr olunmuş “Həyatımın illəri və izləri” və “Uşaqlarda koloproktoloji patologiyalarda müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans təşkil olunub.
Konfransı II MPF-in 5-ci kurs tələbəsi Nigar Babayeva açaraq, iştirakçılara tədbirin məzmunu barədə məlumat verib. Tədbir rəsmi hissəyə keçməzdən öncə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edildi, Dövlət Himni səsləndirildi.
Konfransı ATU-nun Elmi işlər üzrə prorektoru, professor Məlahət Sultan giriş sözü ilə başlayıb. O bildirib ki, bu gün uşaq cərrahiyyəsinin inkişafında müstəsna xidmətləri olan, uzun illər universitetimizin Uşaq cərrahiyyəsi kafedrasına uğurla rəhbərlik etmiş professor Çingiz Quliyevin yubileyinə həsr olunmuş elmi konfransda bir araya gəlmişik: “ Çingiz müəllimin fəaliyyəti yalnız yazdığı kitablar, qazandığı elmi adlar və dərc etdirdiyi məqalələrlə məhdudlaşmır. Onun əməyi insan talelərinə, xilas edilmiş həyatlara və yetişdirdiyi nəsillərə söykənir. Həqiqi alim yalnız elm yaradan deyil, həm də ümid verən, yol göstərən, inam aşılayan şəxsiyyətdir.”
Prorektor yubilyarı təbrik edərək konfransı açıq elan edib və rektorun imzaladığı Fəxri Fərmanı ona təqdim edib.
Səhiyyə nazirinin müavini Nadir Zeynalov çıxışında Çingiz Quliyevi həm öz adından, həm də Səhiyyə Nazirliyi adından təbrik edib. Nazir müavini qeyd edib ki, professor Çingiz Quliyev milli uşaq cərrahiyyəsinin və ölkədə tibb elminin inkişafında öz adını əbədi olaraq yazdırmış görkəmli şəxsiyyətdir: “Çingiz müəllim milli uşaq cərrahiyyəsi məktəbinin əsasını qoymuş görkəmli alimlərin layiqli davamçısıdır və yorulmaz fəaliyyəti ilə öz elmi məktəbini formalaşdırıb. Mən tələbəlik illərimdə onun icra etdiyi mürəkkəb əməliyyatların şahidi olmuşam.”
Çıxışında nazir müavini yubilyarın tələbələrə bilik ötürməsindəki əzmkarlığını, pediatrik pasiyentlərlə bağlı məsləhətlərini və uşaq cərrahiyyəsi üzrə əsas dərsliyin müəllifi olmasını yüksək qiymətləndirib. Yubilyara Səhiyyə Nazirliyinin fəxri fərmanı təqdim olunub.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı isə çıxışında vurğulayıb ki, Çingiz Quliyev Azərbaycanda tanınmış bir çox uşaq cərrahı və mütəxəssis yetişdirib. Deputat öz tələbəlik illərindən xatirələrini bölüşüb:“Onun mühazirələrində və əməliyyatlarında iştirak etmək hər bir tələbə üçün böyük fəxr idi. Bakıda uşaq cərrahiyyəsi sahəsində onun səviyyəsində ikinci bir mütəxəssis yox idi.”
ATU-nun Uşaq Cərrahiyyəsi kafedrasının müdiri, Azərbaycan Uşaq Cərrahları Assosiasiyasının sədri, professor Ramiz Poluxov isə çıxışında Çingiz Quliyevi sovet dövrünün nüfuzlu elmi məktəblərindən biri olan “Akademik Nikolay Alişafrov məktəbi”nin layiqli yetirməsi kimi təqdim edib. O bildirib ki, Çingiz müəllim kafedraya rəhbərlik etdiyi dövrdə 10 namizədlik və 2 doktorluq dissertasiyası uğurla müdafiə olunub və bu, onun elmi məktəb qurmaq bacarığını göstərir. Professor Poluxov şəxsi təcrübəsindən də danışaraq bildirib ki, ilk elmi dərəcəsini məhz Çingiz müəllimin rəhbərliyi ilə əldə edib.
Tədbirdə həmçinin professor Çingiz Quliyevin həyat və elmi fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.
Konfrans çərçivəsində Milli Məclisin deputatı Müşfiq Məmmədli, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, ATU-nun Urologiya kafedrasının professoru Südeyf İmamverdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi, ATU-nun Ümumi cərrahiyyə kafedrasının professoru Çərkəz Cəfərov, AMEA-nın müxbir üzvü, I Cərrahi xəstəliklər kafedrasının müdiri, professor Nuru Bayramov, Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Fakültətiv cərrahiyyə kafedrasının professoru, Fazil Abbasov, V.Almazov adına Milli Tibbi Tədqaqatlar Mərkəzinin Fakültətiv cərrahiyyə kafedrasının professoru Vladimir Bairov, Özbəkistan Milli Uşaq Mərkəzinin əməkdaşı Adxam Rahmatullayev təbrik sözü ilə çıxış edib, yubilyarın həyatı, elmi-praktik fəaliyyəti ilə bağlı xoş xatirələrini bölüşüblər.
Sonda Professor Çingiz Quliyev isə çıxışında tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib:“Bu cür tədbirlərin təşkilinin kənardan asan göründüyünü düşünənlər ola bilər. Əslində, bu iş böyük zəhmət və gərgin əməyin nəticəsidir. Filmin hazırlanmasında iştirak edən hər kəsə xüsusi təşəkkürümü bildirirəm.”
Rəsmi hissədən sonra konfrans panel iclaslarla öz işini davam edib və uşaqlarda koloproktoloji problemlərin bütün aspektləri geniş şəkildə müzakirə olunub.
Qeyd edək ki, professor Çingiz Quliyev uşaq cərrahiyyəsi sahəsində 350-dən çox elmi məqalənin, 3-dən çox monoqrafiya və dərsliyin, 15-dən artıq tədris-metodik vəsaitlərin, 7 səmərələşdirici təklifin, 1 ixtiranın müəllifidir. Məqalələri ölkəmizdə və xarici tibbi jurnallarda dərc olunub.
“Uşaq Cərrahlığı”, “Uşaq cərrahi patologiyaların atlası”, “Azərbaycanda Uşaq Cərrahlığının inkişaf tarixi” adlı dərs vəsaitləri, “Həyatımın illəri və izləri” xatirə kitabı işıq üzü görüb.