Bizi izləyin:
Heydər Əliyev
İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri imtahan prosesini izləyib

İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri imtahan prosesini izləyib

   Yanvarın 30-da Azərbaycan Tibb Universitetinin İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri universitetdə keçirilən imtahan prosesinin gedişatını izləyiblər

        Şuranın sədri, millət vəkili, həkim-qastroenteroloq İlham Məmmədov, “Vətəndaş” İctimai Birliyinin sədr müavini Aidə Bəndəliyeva və “Cəmiyyətin İnkişafı Mərkəzi” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli ATU-nun İmtahan Mərkəzinə baxış keçirərək burada aparılan imtahanların gedişi ilə maraqlanıblar.

       İmtahan prosesi zamanı tələbələrin və ekspertlərin fikirlərini də öyrənən Şura üzvləri imtahanların rahat və şəffaf şəraitdə keçirildiyini müşahidə ediblər.

        İlham Məmmədov bildirib ki, imtahanların təşkili aparılan islahatlar çərçivəsində təkmilləşdirilib və qiymətləndirmənin obyektiv aparılması üçün bütün zəruri şərait yaradılıb. Onun sözlərinə görə, texniki təminat, avadanlıqlar və ümumi mühit müasir tələblərə cavab verir ki, bu da biliklərin şəffaf və ədalətli qiymətləndirilməsini təmin edir.

        Şura sədri qeyd edib ki, tələbələrlə aparılan söhbətlər onların nəzəri biliklərinin imtahan sualları ilə uyğun olduğunu göstərib və qiymətləndirmə prosesində şəffaflıq təmin edilib. O vurğulayıb ki, Şuranın imtahan prosesində iştirakı obyektivliyin və şəffaflığın qorunmasına nəzarət məqsədi daşıyır və aparılan müşahidələr müsbət nəticə verib.

         Bununla yanaşı, Əczaçılığın toksikologiyası və kimya kafedrasında magistrantların şifahi imtahanları professor-müəllim heyətinin iştirakı ilə izlənilib. Magistrantların verilən suallara ətraflı və dolğun cavab verməsi diqqət çəkib. Onlar təhsilin dünya standartlarına cavab verdiyini, tədris prosesindən və universitetdən məmnun olduqlarını bildiriblər.

         Şura üzvləri apellyasiya müraciətlərinin araşdırıldığı otağa da baxış keçiriblər. Qeyd olunub ki, müraciətlərin əksəriyyəti açıq tipli suallarda cavabların düzgün yerləşdirilməməsi ilə bağlıdır. Eyni zamanda suallarda metodiki səhv aşkarlandığı hallarda müvafiq kafedralar üzrə analitik təhlil aparıldığı və zəruri tədbirlərin görüldüyü bildirilib.

      Şura üzvləri Tibb və sağlamlıq elmləri təhsili və Qidalanma və tibbi ekologiya kafedralarında da olublar. Tibb və sağlamlıq elmləri kafedrasında, universitet müəllimlərinin bilik və bacarıqlarını dünya standartlarına uyğun daha da təkmilləşdirmək  və bu biliklərin tələbələrə daha keyfiyyətli şəkildə ötürülməsini təmin etmək məqsədilə təlimdə iştirak edən müəllimlərlə, İctimai Nəzarət və Məsləhət Şurasının üzvüləri arasında maraqlı fikir mübadiləsi olmşdur. Beləki, fikir mübadiləsi zamanı, universitetdə pedaqoji peşəkarlığın artırılması, müasir tədris metodlarının tətbiqi, klinik və praktik dərslərin təşkili, qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də ailə həkimliyi institutunun formalaşdırılması və ilkin səhiyyə xidmətlərinin inkişafı məsələləri ilə bağlı  müzakirə olmuş, İŞ-nın sədri, millət vəkili İlham Məmmədov təlim iştirakçılarının suallarını cavablandırmışdır. Sual və təkliflərə münasibət bildirən İ.Məmmədov qeyd edib ki, səhiyyə və təhsil sahəsində həyata keçirilən islahatların əsas məqsədi sistemli, dayanıqlı və səmərəli inkişafı təmin etməkdir. Onun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqi və ailə həkimliyi institutunun formalaşdırılması ilkin səhiyyə xidmətlərinin gücləndirilməsinə və əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılmasına xidmət edir. İŞ-nın sədri qeyd etmişdr ki, Beynəlxalq təcrübəyə əsaslanan müasir tədris metodlarının tətbiqi, qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi və praktik yönümlü təhsilin genişləndirilməsi gələcək keyfiyyətli həkim kadrlarının hazırlanmasının əsas şərtləridir.

     Sonra Şura üzvləri Qidalanma və tibbi ekologiya kafedrasında olmuş və  kafedra əməkdaşlarıyla tədris prosesi barədə müzakirələr aparıldıqdan sonra, xatirə şəkli çəkdiriblər.

 

 

Paylaş

Dostlarınız ilə paylaşın.