
Qərbi Azərbaycan Basarkeçər İcmasının ilk toplantısı keçirilib, “Basarkeçər həkimləri” kitabı təqdim olunub
Fevralın 1-də Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Qərbi Azərbaycan Basarkeçər İcmasının ilk toplantısı keçirilib. Tədbiri ATU-nun Nefrologiya kafedrasının 2-ci kurs rezidenti Aysel Məmmədova açıb.
Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Ulu Öndərin Göyçə ictimaiyyəti ilə görüşündən kadrlar, eləcə də Prezident İlham Əliyevin Dədə Ələsgərin abidəsinin açılışı zamanı Göyçə mahalı ilə bağlı səsləndirdiyi fikirlər diqqətə çatdırılıb. Hər iki çıxışda Göyçə mahalının tarixi Azərbaycan torpaqları olduğu, azərbaycanlıların bu torpaqlara mütləq qayıdacağı vurğulanıb.
Tədbirdə giriş sözü ilə Qərbi Azərbaycan Basarkeçər İcmasının sədri, AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov çıxış edib. O qeyd edib ki, Qərbi Azərbaycana qayıdış məsələsi yalnız tarixi yaddaş mövzusu deyil, artıq dövlətin və xalqın gələcək strateji istiqamətlərindən birinə çevrilib: “Bu gün artıq heç bir şübhə yoxdur ki, Qərbi Azərbaycana qayıdış baş tutacaq. Bu qayıdış bizim həm mənəvi, həm də tarixi haqqımızdır”.
Professor vurğulayıb ki, qayıdış prosesi asan deyil və ciddi, ardıcıl, elmi əsaslara söykənən fəaliyyət tələb edir. Onun sözlərinə görə, əvvəlki dövrlərdə buraxılmış əsas səhvlərdən biri bu ideyanın möhkəm ideoloji və elmi baza üzərində qurulmaması olub: “Biz özümüzü dünyaya lazımi səviyyədə tanıda bilməmişik. Qərbi azərbaycanlılar köçəri xalq deyil, onlar Qərbi Azərbaycanın yerli, mədəni və yaradıcı əhalisidir. Bu həqiqət elmi faktlarla sübut olunmalıdır. Qərbi Azərbaycan yalnız bir coğrafi məkan deyil, eyni zamanda böyük bir mədəniyyətin beşiyidir”.
N.Bayramov, həmçinin Basarkeçər rayonu üzrə hər kənddən olan həkimlərin siyahıya alındığını diqqətə çatdırıb. Bildirib ki, vaxtilə təxminən 45 min azərbaycanlının yaşadığı Basarkeçər rayonu üzrə 800-dən çox həkim haqqında məlumat toplanılıb. Onlardan 350-yə yaxını elmi dərəcəyə malikdir, 120 nəfəri isə doktorluq dissertasiyası müdafiə etmiş alimlərdir. Bu mütəxəssislər dünyanın müxtəlif ölkələrinin universitet və klinikalarında, sağlamlıq mərkəzlərində fəaliyyət göstərir, bir çoxu klinikalara rəhbərlik edir.
Tədbir zamanı Basarkeçər həkimlərinə həsr olunmuş slaydlar nümayiş etdirilib, professor Nuru Bayramov, Aynur Rüstəmova, Şirazi İbrahimov və İlqar İsmayılın redaktorluğu ilə nəşr olunmuş “Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib.
Əməkdar elm xadimi və Əməkdar həkim, Rusiya Tibb Elmləri və Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər akademiyalarının akademiki, ATU-nun İnsan anatomiyası və tibbi terminologiya kafedrasının məsləhətçi-professoru Vaqif Şadlinski bu toplantının təşkilini yüksək qiymətləndirdiyini söyləyib. O, kitabın yüksək səviyyədə hazırlandığını qeyd edib və bu işin təkcə Basarkeçər rayonu ilə məhdudlaşmamasını, ümumilikdə Qərbi Azərbaycan səviyyəsində davam etdirilməsini məsləhət görüb. Professor bu məqsədlə rəsmi assosiasiyasının yaradılmasının vacibliyini vurğulayıb.
Daha sonra səhiyyə nazirinin müavini Nadir Zeynalov çıxış edib. O bildirib ki, son 120 ildə Qərbi Azərbaycanda azərbaycanlılara qarşı sistemli etnik təmizləmə aparılıb: “Xüsusilə XX əsrin 80-ci illərinin sonlarında növbəti köç dalğası baş verdi və Ermənistan Respublikasından 300 mindən çox azərbaycanlı öz dədə-baba torpaqlarını tərk etməyə məcbur oldu. Qarabağın işğalı ilə birlikdə ölkədə bir milyona yaxın qaçqın və məcburi köçkün formalaşdı”.
Nazir müavini də professor Nuru Bayramovun təşəbbüsünü yüksək qiymətləndirərək, bu işin digər rayonları da əhatə etməli olduğunu bildirib. Onun fikrincə, Qərbi Azərbaycandan olan həkimlər, müəllimlər, mühəndislər və digər sahələrin nümayəndələri haqqında vahid məlumat bazası yaradılmalı, bu baza zamanla geniş bir virtual informasiya xəzinəsinə çevrilməlidir.
Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov da çıxışında bu təşəbbüsün son dərəcə dəyərli olduğunu bildirib. Qeyd edib ki, gələcəkdə Qərbi Azərbaycan mənşəli həkimlər haqqında daha geniş nəşrlərin hazırlanması və hətta xüsusi bir həkimlər birliyinin yaradılması məqsədəuyğun olar.
Sonda keçmiş təhsil naziri, professor Misir Mərdanov, millət vəkilləri Aydın Mirzəzadə və Məlahət İbrahimqızı çıxış edərək “Basarkeçər həkimləri” kitabının hazırlanmasını yüksək qiymətləndiriblər. Onlar icmanın üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb və bu cür tədbirlərin davamlı olmasını arzulayıblar.