
Yanvarın 29-da Azərbaycan Tibb Universitetinin (ATU) Rezidentura və magistratura şöbəsi ilə ATU Tədris Onkologiya Klinikasının birgə təşkilatçılığı əsasında rezidentlər və gənc həkimlər üçün “Süd vəzi xərçənginin müasir diaqnostik alqoritmi” mövzusunda elmi mühazirə təşkil olunub.
Tədbir Rezidentura və magistratura şöbəsi müdirinin müavini, assistent Namiq Xəlilov və ATU Tədris Onkologiya Klinikasının baş həkimi, onkologiya kafedrasının dosenti Tamara Quliyevanın moderatorluğu ilə keçirilib.
Mühazirəni giriş sözü ilə açan moderatorlar rezidentlərin klinik bilik və bacarıqlarının artırılmasının, erkən diaqnostik yanaşmaların və davamlı tibbi təhsilin müasir səhiyyə sistemində mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
Daha sonra N. Xəlilov mühazirənin mövzusu və məruzəçi barədə məlumat verərək, süd vəzi xərçənginin dünya miqyasında, eləcə də Azərbaycanda qadınlarda ən çox rast gəlinən onkoloji xəstəliklərdən biri olduğunu diqqətə çatdırıb. Bildirilib ki, xəstəliyin erkən mərhələdə aşkarlanması sağqalım göstəricilərinə birbaşa təsir göstərir və bu baxımdan düzgün diaqnostik alqoritmin tətbiqi xüsusi əhəmiyyət kəsb edir.
Elmi məruzə ilə çıxış edən T. Quliyeva süd vəzi xərçənginin diaqnostikasında müasir yanaşmalar, risk qruplarının müəyyənləşdirilməsi, skrininq proqramlarının rolu və multidissiplinar qərar mexanizmləri barədə ətraflı məlumat verib. O, klinik şübhə ilə yanaşı, radioloji və morfoloji qiymətləndirmənin ardıcıllığının erkən diaqnostikada həlledici rol oynadığını vurğulayıb.
Məruzədə qeyd olunub ki, süd vəzi xərçəngi heterogen bioloji xüsusiyyətlərə malik olub, klinik gedişi şişin molekulyar alt tipindən, histoloji quruluşundan və xəstəliyin mərhələsindən asılı olaraq dəyişir. Bu səbəbdən diaqnostik proses yalnız klinik müayinə ilə məhdudlaşmamalı, görüntüləmə və invaziv metodların ardıcıl tətbiqi əsasında aparılmalıdır.
Mühazirə zamanı süd vəzi xərçənginin diaqnostikasında klinik müayinə və risk faktorlarının qiymətləndirilməsi, radioloji görüntüləmə üsulları (mammoqrafiya, USM və MRT), BI-RADS sisteminə əsaslanan dəyərləndirmə, invaziv diaqnostika metodları (tru-cut və vakuum biopsiya), histopatoloji və immunohistokimyəvi analizlər, eləcə də molekulyar alt tiplərin müəyyən edilməsi kimi əsas mərhələlər xüsusi vurğulanıb.
Çıxışda bildirilib ki, müasir dövrdə süd vəzi xərçənginin diaqnostikası yalnız şişin aşkarlanması ilə məhdudlaşmamalı, onun bioloji davranışının düzgün qiymətləndirilməsi ilə tamamlanmalıdır. Bu yanaşma fərdi müalicə strategiyasının seçilməsinə imkan yaradır.
Tədbirdə klinikanın həkimləri, rezidentlər, tələbələr, gənc tədqiqatçılar, eləcə də digər ixtisaslar üzrə rezidentlər iştirak ediblər. Mühazirə interaktiv formatda keçib, mövzu ətrafında geniş müzakirələr aparılıb.
Tədbir iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb və süd vəzi xərçənginin erkən diaqnostikasının əhalinin maarifləndirilməsi və səhiyyə sisteminin əsas prioritet istiqamətlərindən biri olduğu bir daha vurğulanıb.