Bu gün Stomatoloqlar Günü münasibətilə Azərbaycan Tibb Universitetinin (ATU) Stomatologiya fakültəsinin dekanı dosent Elmira Əliyeva fakültədə stomatoloji təhsilin məzmunu və əsas prioritetləri barədə məlumat verib.
Onun sözlərinə görə, Stomatologiya fakültəsi ağız boşluğu və üz-çənə nahiyəsində olan xəstəliklərin diaqnostikası və müalicəsi üzrə 5 illik təhsil (spesialitet) proqramı əsasında geniş profilli həkim-stomatoloqlar hazırlayır. Tədris proqramına fundamental elmlərlə yanaşı terapevtik, ortopedik, uşaq stomatologiyası, ortodontiya, ağız və üz-çənə cərrahiyyəsi daxildir. Praktiki məşğələlər isə 3-cü kursdan başlayır. Eyni zamanda qulaq-burun-boğaz xəstəlikləri, onkologiya, oftalmologiya, radiologiya, psixiatriya və digər fənlər də tədris olunur.
Dekan bildirib ki, təhsilin əsas xüsusiyyətlərindən biri tələbələrin terapevtik stomatologiya, ortopedik stomatologiya, ağız və üz-çənə cərrahiyyəsi, ortodontiya və uşaq stomatologiyası üzrə ixtisaslaşma imkanlarının geniş olmasıdır. Fakültənin əsas məqsədi dərin fundamental bilikləri praktiki bacarıqlarla birləşdirərək peşəkar tibbi yardım göstərə bilən yüksək ixtisaslı həkim-stomatoloqlar hazırlamaqdır.
Dosent Elmira Əliyeva qeyd edib ki, fakültədə baza tibbi biliklərin formalaşdırılması, kliniki hazırlığın gücləndirilməsi, dar ixtisaslaşma üzrə kadr hazırlığı, müasir texnologiya və müalicə metodlarının tətbiqi, eləcə də əhalinin ağız boşluğu gigiyenası sahəsində maarifləndirilməsi əsas vəzifələr sırasındadır.
O vurğulayıb ki, təhsilin nəticəsi olaraq məzunlar müstəqil praktik fəaliyyətə başlamağa və ya rezidentura mərhələsində təhsillərini davam etdirməyə hazır olurlar. Dekan həmçinin bildirib ki, fakültə rəhbərliyi hər zaman tələbələrə dəstək göstərməyə hazırdır və onlar fakültə üçün xüsusi dəyər daşıyırlar.