
Fərman Həsənov: Peşəkar stomatoloqun həm rəssam, həm heykəltəraş, həm də estetik duyumu olmalıdır
Hər il fevralın 9-u dünyada Beynəlxalq Stomatoloq Günü kimi qeyd olunur. Bu gün diş həkimlərinin cəmiyyətin sağlamlığında oynadığı vacib rolu vurğulamaq və ağız-diş sağlamlığına diqqəti artırmaq məqsədilə təyin edilib.
Bu münasibətlə Azərbaycan Tibb Universitetinin Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti, Tədris Cərrahiyyə Klinikasının Ağız və üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri, implantoloq Fərman Həsənovla söhbətləşdik. O, stomatoloqların peşə fəaliyyəti, ağız-diş sağlamlığının əhəmiyyəti və dental implantologiya sahəsindəki yeniliklər barədə məlumat verdi.
F.Həsənov bildirdi ki, Azərbaycan stomatologiyası uzun illərdir davamlı inkişaf yolundadır və bu gün həm regionda, həm də beynəlxalq səviyyədə rəqabətədavamlı sahələrdən biridir. Onun sözlərinə görə, ölkəmizdə stomatologiya məktəbi 1980-ci illərdən etibarən formalaşmağa başlayıb: “Azərbaycan stomatologiyası bəzi ölkələri, o cümlədən Rusiya stomatologiyasını bir çox sahələrdə qabaqlayır. Azərbaycan mütəxəssisləri Avropa və Amerika stomatologiyası ilə sıx əlaqədədirlər ki, bu da elmi-praktik səviyyənin yüksəlməsində mühüm rol oynayır. MDB ölkələri arasında isə Azərbaycan stomatologiyası aparıcı mövqelərdən birini tutur”.
F.Həsənov dental implantologiya sahəsinin son 15-20 ildə böyük irəliləyişlər əldə etdiyini diqqətə çatdırdı: “Əvvəllər tədris proqramlarında yer almayan implantologiya bu gün artıq ayrıca fənn kimi öyrədilir və bir semestrlik dərs yükünü əhatə edir. Müxtəlif şirkətlərlə əməkdaşlıq çərçivəsində tələbələr üçün praktik kurslar təşkil olunur, süni çənələr üzərində məşğələlər keçirilir”.
Mütəxəssis etik məsələlər və pasiyent tələbləri ilə bağlı təcrübəsini də bölüşdü: “Bəzən tibbi göstəriş olmadığı halda pasiyentlər əməliyyatın aparılmasında israr edirlər. Bunun bir nümunəsini Amerikada, Nyu-Yorkda iştirak etdiyim dental implantologiya kursu zamanı gördüm. Orada tətbiq olunan bəzi texnologiyaları əvvəllər Azərbaycanda istifadə etməkdə tərəddüdüm vardı. Həmin vaxtlar bir tanışım uzun illər çıxan protez istifadə edirdi və ciddi sümük atrofiyası ilə üzləşmişdi. O, çıxan protezdən imtina edərək implant qoydurmaqda israr etdi. Onun bu istəyini nəzərə alaraq, Amerikada öyrəndiyim texnologiyanı yoxlamağı təklif etdim. Pasiyent bütün riskləri anlayaraq bu təkliflə razılaşdı”.
F.Həsənovun sözlərinə görə, nəticədə alt çənənin arxa və ön hissələrindən götürülən sümük yuxarı çənəyə köçürülüb və implant üçün uyğun şərait yaradılıb. Əməliyyatın nəticələri uğurlu alınıb və pasiyent çıxan protezdən azad olub.
“Həmçinin Azərbaycanda mərhələli və mürəkkəb cərrahi müdaxilə tələb edən əməliyyatlar əvvəllər nadir hallarda icra olunurdu, lakin pasiyentlərin tibbi maariflənməsi ilə bu əməliyyatlar genişlənib. Bəzi prosedurlar aylarla mərhələli şəkildə aparılır, sümük köçürülür və çənə-damaq nahiyəsində rekonstruktiv cərrahiyyə həyata keçirilir”, – deyə Fərman Həsənov bildirir.
Həmsöhbətimiz yaş məhdudiyyəti məsələsinə də toxundu: “Dental implantlar yaşdan asılı olmayaraq tətbiq oluna bilər, lakin sümük inkişafı tamamlanmalıdır. Buna görə də 16 yaşdan aşağı şəxslərdə implantasiya tövsiyə edilmir. 16-90 yaş arası isə tibbi göstəriş əsasında implant qoyula bilər”.
Mütəxəssis söylədi ki, əng sümüyündə atrofiya səbəbindən implantın tətbiqi çətinləşir və bu halda etaplı sümük köçürmə əməliyyatları aparılır. O yeni ixtirası ilə bu prosesin qısaldığını diqqətə çatdırdı: “Əngdə, arxa bölgədə sümük atrofiyası olduqda sinus liftinq əməliyyatı aparılır. Əgər sümük qalınlığı 1-2 millimetrdirsə, əvvəlcə sinus liftinq icra edilir, 6 ay gözlənilir, daha sonra implant qoyulur və əlavə 6 aydan sonra protezlənmə həyata keçirilir. Mənim patentim isə bu vaxtı 6 ay qısaltmağa imkan verir. Yəni implant və sümük artırılmasını eyni anda həyata keçirmək mümkündür. Patentimi milliləşdirmişəm, sinus liftinq əməliyyatına səkkiz guşəli ulduzumuz daxil edilib. Onu istənilən rentgen və kompüter tomoqrafiyası müayinəsi zamanı görmək mümkündür”.
Peşəkar stomatoloq olmaq üçün tələb olunan bacarıqlardan da danışan F.Həsənov bildirdi ki, yaxşı stomatoloqun həm rəssam, həm heykəltəraş, həm də estetik duyumu olmalıdır: “Plastik cərrahiyyə bacarığı, estetik anlayış və müasir rəqəmsal texnologiyalardan istifadə qabiliyyəti vacibdir. Kompüter tomoqrafiyasını oxuya bilməyən stomatoloq virtual planlama apara bilməz”.
Sonda müsahibimiz rəqəmsal texnologiyaların stomatologiyada, xüsusilə cərrahiyyə və protezləmə mərhələlərində böyük rol oynadığını qeyd edərək, bu vasitələrin ölkəmizdə də uğurla tətbiq olunduğunu nəzərə çatdırdı.