 (1).jpg)
Azərbaycan Tibb Universitetinin (ATU) Rezidentura və magistratura şöbəsi ilə ATU Tədris Terapevtik Klinikasının Endokrinologiya şöbəsinin birgə təşkilatçılığı ilə rezidentlər üçün “Davamlı Qlükoza Monitorinq Sistemləri (Continuous Glucose Monitoring - CGM)” mövzusunda elmi mühazirə təşkil olunub
Tədbir II Daxili xəstəliklər kafedrasının rezidentlər üzrə məsul şəxsi, həkim-endokrinoloq, assistent Könül İsmayılova və Rezidentura və magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilovun moderatorluğu ilə keçirilib.
Seminarı giriş sözü ilə açan N.Xəlilov tədbir iştirakçılarını salamlayaraq rezidentlərin davamlı təhsilinin əhəmiyyətindən, peşəkar inkişafda nizam-intizama riayət edilməsinin vacibliyindən danışıb. O, Tədris Terapevtik Klinikanın xəstələrə yüksək səviyyədə tibbi xidmət göstərməklə yanaşı, ali təhsilli və ixtisaslı kadrların hazırlanmasında mühüm rol oynadığını, universitet rəhbərliyinin rezidentlərin təhsili və ümumi fəaliyyəti ilə yaxından maraqlandığını qeyd edib.
Çıxışında mövzunun aktuallığına toxunan N.Xəlilov bildirib ki, CGM - qanda qlükoza səviyyəsini gün ərzində fasiləsiz izləməyə imkan verən müasir texnologiya olub, diabetin effektiv idarə olunmasında ən mühüm yeniliklərdən biridir. İlk dəfə ABŞ-da tətbiq edilən bu sistem hazırda bir çox inkişaf etmiş ölkələrdə standart yanaşmalardan biri kimi geniş istifadə olunur. CGM sistemlərinin şəkərli diabet xəstələrinə, hamiləlik diabeti olan qadınlara, uşaq və yaşlı pasiyentlərə tövsiyə edildiyini diqqətə çatdırıb.
Daha sonra II Daxili xəstəliklər kafedrasının dosenti, həkim-endokrinoloq Vəfa Əliyeva çıxış edərək, CGM sistemlərindən dünyada, eləcə də Azərbaycanda istifadə edən pasiyentlərin sayının ildən-ilə artdığını bildirib. Məhz bu səbəbdən mövzunun aktuallığını nəzərə alaraq seminar çərçivəsində CGM sistemləri haqqında ətraflı və elmi əsaslandırılmış məlumatların təqdim edilməsinin məqsədəuyğun olduğunu vurğulayıb.
Moderator Könül İsmayılova isə diqqətə çatdırıb ki, davamlı qlükoza monitorinqi yalnız şəkərli diabetin I və II tiplərində deyil, insulin istifadə edən pasiyentlərdə, qlükoza səviyyəsi tez-tez dəyişən, hipoglikemiya riski yüksək olan və ya intensiv insulin müalicəsi alan xəstələrdə mühüm izləmə vasitəsidir. O, CGM-in dərialtı sensor vasitəsilə 24 saat ərzində qlükozanı ölçdüyünü, barmaq deşilməsinə ehtiyac yaratmadan real vaxt rejimində məlumat verdiyini və şəkər səviyyəsində kəskin dəyişikliklər zamanı xəbərdarlıq siqnalları ilə pasiyent təhlükəsizliyini artırdığını qeyd edib.
Seminarda araşdırmalarda fəal iştirak edən rezident Rüfət İskəndərovun məruzəsi dinlənilib. O, CGM istifadəsinin diabetli pasiyentlərdə HbA1c səviyyəsinə, hipoglikemiya və hiperqlikemiya epizodlarının sayına, eləcə də həyat keyfiyyətinə təsirini göstərən son tədqiqat nəticələrini təqdim edib. CGM sistemlərinin real vaxt məlumatları, trend oxları və həyəcan siqnalları sayəsində qlikemik nəzarətin əhəmiyyətli dərəcədə yaxşılaşdığını xüsusi vurğulayıb, bu texnologiyaların göstəriş və əks-göstərişləri olan pasiyent qrupları haqqında ətraflı məlumat verib.
Seminarın müzakirə hissəsində CGM sistemlərinin qiyməti, əlçatanlığı, istifadə üçün yaş həddi, insulin pompaları ilə inteqrasiya olunmuş hibrid qapalı dövrə sistemləri kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Klinikanın baş həkimi Fəridə Hacıyeva, professor Aytən Məmmədzadə CGM-in geniş tətbiqinin diabetik fəsadların qarşısının alınmasında mühüm rol oynadığını vurğulayıblar. Onlar gələcəkdə CGM sahəsində tədris proqramlarının genişləndirilməsinin və rezidentlərin praktik bacarıqlarının artırılmasının vacibliyini qeyd ediblər.
Seminar iştirakçıların suallarının cavablandırılması və interaktiv müzakirələrlə yekunlaşıb.