

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru professor Gəray Gəraybəyli aparıcı yerli və xarici alimlərlə görüş keçirib
Görüşdə iştirak edənlər arasında Bakı Dövlət Universitetinin Biofizika və Biokimya kafedrasının müdiri, professor Rövşən Xəlilov, Münhen Texniki Universitetinin professoru və Almaniyanın Helmholtz Elmi-Tədqiqat Mərkəzinin əməkdaşı Məsud Əfəndiyev, eləcə də Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, AMEA-nın müxbir üzvü, Normal Fiziologiya kafedrasının müdiri professor Arif Məmmədov olub.
Görüş zamanı əsas diqqət elmi-tədqiqat işlərinin aktual istiqamətləri, innovativ layihələrin təşkili, beynəlxalq əməkdaşlıq imkanları və universitetin akkreditasiya prosesinin inkişaf etdirilməsi məsələlərinə yönəldilib. Professor Gəraybəyli bildirib ki, belə görüşlər ATU-nun elmi səviyyəsinin beynəlxalq standartlara uyğunlaşmasına və akademik potensialın gücləndirilməsinə xidmət edir.
Elmi işlər üzrə prorektor, professor Məlahət Sultan qonaqlara ATU-da elmi işlərin təşkili, aparılması və elmi rəhbərlik mexanizmləri barədə məlumat verib. O, həmçinin universitetdə tədqiqatların planlaşdırılması və akademik dəstək sisteminin gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb.
Müzakirələr məhsuldar olub və gələcək elmi layihələr üçün perspektivli əməkdaşlıq planları müəyyən edilib.
