Bizi izləyin:
Heydər Əliyev
ATU-nun Xarici dillər kafedrasında “Açıq qapı” günü keçirilib

ATU-nun Xarici dillər kafedrasında “Açıq qapı” günü keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) Xarici dillər kafedrasında “Açıq qapı” günü təşkil olunub. Tədbirin məqsədi xarici dillərin tibb təhsilində rolunu nümayiş etdirmək, kafedranın tədris fəaliyyəti, innovativ metodları və akademik imkanları barədə iştirakçıları məlumatlandırmaq, tələbələrdə xarici dillərə marağı artırmaq, müəllim, tələbə və qonaqlar arasında açıq ünsiyyət mühiti formalaşdırmaq olub.

Tədbirdə ATU-nun rəhbərliyi, universitetin müxtəlif kafedralarının nümayəndələri, qonaqlar, müəllim və tələbələr iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən Xarici dillər kafedrasının müdiri, professor Zemfira Məmmədova kafedranın tarixi və fəaliyyəti haqqında məlumat verib. O bildirib ki, Xarici dillər kafedrası müstəqil olaraq 1943-cü ildən fəaliyyət göstərir. Hazırda 50 əməkdaşın çalışdığı kafedrada ingilis, alman və rus dilləri tədris olunur. Professor, həmçinin ABŞ səfirliyinin dəstəyi ilə Tiffany Tillman tərəfindən 5 ay davam edən təlimlərin təşkil edildiyini, bu təlimlər çərçivəsində əməkdaşların tədrisdə innovativ metodlarla tanış olduqlarını diqqətə çatdırıb.

Tədris işləri üzrə prorektor, professor Anar Ağayev çıxışında müasir dövrdə xarici dil biliyinin artıq əlavə üstünlük deyil, peşəkar zərurətə çevrildiyini vurğulayıb. O qeyd edib ki, xüsusilə tibb sahəsində beynəlxalq elmi mənbələrə çıxış, akademik əməkdaşlıq və qlobal ünsiyyət xarici dil bacarıqları olmadan mümkün deyil. Prorektor bildirib ki, Azərbaycan Tibb Universiteti rəqabətqabiliyyətli və beynəlxalq standartlara uyğun kadrların hazırlanmasını prioritet hesab edir və bu prosesdə Xarici dillər kafedrasının rolu xüsusi əhəmiyyət daşıyır.

Elmi işlər üzrə prorektor, professor Məlahət Sultan çıxışında elmi fəaliyyət sahəsində xarici dilin əhəmiyyətindən bəhs edərək, akademik yazı bacarıqları, beynəlxalq nəşrlərə çıxış və elmi ünsiyyətin inkişafında dil biliklərinin rolunu ön plana çəkib.

ATU-nun İctimai Nəzarət və Məsləhət Şurasının üzvü, Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Eldar Qocayev öz çıxışında şəxsi təcrübələrindən danışaraq, dil biliklərinin peşəkar inkişafda və müasir həkim modelinin formalaşmasında vacib amillərdən biri olduğunu qeyd edib.

Əcnəbi tələbələrlə iş üzrə dekan, dosent Natiq Bayramov ATU-nun xarici tələbələrin sayına görə ölkədə birinci yerdə olduğunu bildirib. O vurğulayıb ki, bu cür “Açıq qapı” formatlı tədbirlər universitetin tədris mühitini, imkanlarını və akademik potensialını yerli və xarici auditoriyaya daha yaxından təqdim etmək baxımından mühüm əhəmiyyət daşıyır.

Epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayev də çıxış edərək, xarici dillərin tibbi biliklərin mənimsənilməsi, elmi araşdırmalar və peşəkar inkişaf üçün vacibliyini diqqətə çatdırıb.

Tədbirin sonunda qonaqlar və iştirakçılar Xarici dillər kafedrasında yaradılmış şəraitlə, dərslərin gedişi ilə yaxından tanış olub, kafedrada qurulmuş stendlərə baxıblar.

Qeyd edək ki, “Açıq qapı” günü tələbələrin tibyönümlü xarici dil bilik və bacarıqlarının inkişafına dəstək olmaqla yanaşı, ATU-da tədris prosesinin keyfiyyətinin yüksəldilməsi və beynəlxalq akademik mühitə inteqrasiyanın gücləndirilməsinə xidmət edir.

 

 

Paylaş

Dostlarınız ilə paylaşın.