.jpg)
Fevralın 10-da Azərbaycan Tibb Universitetinin Rezidentura və magistratura şöbəsi ilə Tibbi mikrobiologiya və immunologiya kafedrasının birgə təşkilatçılığı əsasında rezidentlər üçün “Həzm sistemi nümunələrində törədicilər” mövzusunda elmi-praktik seminar təşkil olunub.
Tədbirin əsas məqsədi həzm sistemi infeksiyalarının etioloji xüsusiyyətləri, patogen mikroorqanizmlərin identifikasiyası, klinik nümunələrin mikrobioloji tədqiqi prinsipləri, eləcə də müasir laborator diaqnostika metodları sahəsində rezidentlərin nəzəri biliklərinin və praktik bacarıqlarının təkmilləşdirilməsi olub.
Seminarın moderatoru, Tibbi mikrobiologiya və immunologiya kafedrasının baş müəllimi Yavər Hacısoy açılış nitqi ilə çıxış edərək iştirakçıları salamlayıb və məruzə üçün sözü kafedranın həkim-rezidenti Vahidə Şıxıyevaya verib. V.Şıxıyeva geniş məruzə ilə çıxış etdikdən sonra seminar interaktiv müzakirələrlə davam edib.
Tədbirin təşkilatçısı, kafedra müdiri, professor Həqiqət Qədirova həzm sistemi infeksiyalarının müasir səhiyyə sistemində aktual problemlərdən biri olduğunu vurğulayıb. O, infeksion patologiyaların diaqnostikasında mikrobioloji müayinələrin rolundan, patogenlərin erkən aşkarlanmasının klinik nəticələrin yaxşılaşdırılmasına təsirindən bəhs edib. Professor mikrobioloji laborator tədqiqatların klinik praktikada tətbiqinin, etioloji diaqnostikanın düzgün aparılmasının müalicə strategiyasının seçilməsində həlledici rol oynadığını diqqətə çatdırıb.
Kafedra müdirinin müavini, dosent Həyat Əliyeva isə öz çıxışında həzm sistemi nümunələrinin düzgün götürülməsi, daşınması və laboratoriyada işlənməsi prinsipləri, mikrobioloji analiz mərhələləri, bakterioloji və seroloji müayinə üsulları, eləcə də əsas bakterial, viral və parazitar törədicilərin identifikasiyası metodları barədə ətraflı məlumat verib. O, laborator diaqnostikada standartlaşdırılmış metodların tətbiqinin nəticələrin dəqiqliyinin təmin edilməsində və klinik qərarvermə prosesində mühüm rol oynadığını xüsusi vurğulayıb.
Seminar çərçivəsində müasir yanaşmalar, klinik nümunələrin interpretasiyası və praktik halların təhlili üzrə geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb. Tədbir rezidentlərin mövzu üzrə biliklərinin dərinləşdirilməsi və praktik bacarıqlarının inkişaf etdirilməsi baxımından əhəmiyyətli elmi platforma kimi qiymətləndirilib.
Seminar elmi müzakirələr və qarşılıqlı fikir mübadiləsi şəraitində yekunlaşıb.