
Bu günlərdə Türkiyədə “Elmi Məqalə və Nəşrlər: Akademiklərin Əl Kitabı” adlı kitab dərc olunub
Genişmiqyaslı əsərin bir bölümü Azərbaycan Tibb Universitetinin (ATU) Ailə Təbabəti kafedrasının dosenti, kardioloq Rəhimə Qabulova tərəfindən qələmə alınıb.
Kitabda Türkiyə və Azərbaycan tibbi jurnal redaktorlarının təcrübələri bir araya gətirilib. Əsərdə əsasən həkimlər olmaqla bütün akademik işçilərin elmi məqalə hazırlayarkən, yazarkən və qəbul etdirərkən diqqət etməli olduqları bütün vacib məsələlər ətraflı şəkildə müzakirə olunur. Kitabın müəllifləri Türkiyənin tanınmış jurnallarının redaktorları və elmi birliklərdə rəhbərlik təcrübəsi olan akademiklərdən ibarət olmaqla yanaşı, Azərbaycan, Şimali Kipr Türk Respublikası, Amerika Birləşmiş Ştatları və Şimali Makedoniya redaktorları da layihəyə töhfə verib.
51 bölmədən ibarət olan bu kitab sahədəki ən genişmiqyaslı nəşr olmaqla, gənc akademiklərdən tutmuş nəşriyyat karyerasını davam etdirən həmkarlarımıza qədər hər akademik üçün elmi məqalə və nəşrlərlə bağlı rəhbərlik funksiyasını daşıyır. Kitabın ön sözünü Nobel mükafatlı alim Prof. Dr. Aziz Sancar yazıb. O, Türkiyə və dünya tibb sahəsindəki elmi nailiyyətləri vurğulayıb, gənc tibb araşdırıcıları üçün düzgün elmi metod və etik standartların öyrənilməsinin əhəmiyyətini qeyd edib. Sancar, kitabın təcrübəli redaktorlar və elmi mütəxəssislər tərəfindən hazırlanmasının gənc alimlər üçün dəyərli bir rəhbər olacağını bildirib.
ATU-nun təmsilçisi Rəhimə Qabulova tərəfindən yazılmış 45-ci bölmə tibb sahəsində elmi məqalələrin hakem rəylərinə cavab verilməsi prinsiplərinə həsr olunub. Bölmədə tədqiqatçıların rəyçilərin şərhlərinə necə strukturlaşdırılmış və elmi əsaslı cavab verməli olduqları, həmçinin prosesi effektiv idarə etməyin yolları praktik nümunələrlə izah olunub. R.Qabulova əsərin elmi ictimaiyyət üçün faydalı olacağına ümidini ifadə edib.
Kitabın redaktoru Türkiyənin tanınmış kardioloqu Prof. Dr. Servet Altaydır. Geniş məzmunlu “Əl Kitab” əsasən gənc magistr və doktorant tələbələr olmaqla, elmi məqalə yazan bir çox tədqiqatçı üçün vacib istinad mənbəyi olacaq.