
28 fevral 2026-cı il tarixində Azərbaycan Tibb Universitetinin Tibb və Sağlamlıq Elmləri Təhsili kafedrasında “Böhranlı vəziyyətlər zamanı ilk yardımın xüsusiyyətləri” silsilə Tələbə Forumunun II-si keçirilib. Forum çərçivəsində “Həyatın ritmi: elektrikin iki üzü” mövzusuna həsr olunmuş tədbir II Müalicə-profilaktika fakültəsi, ATU Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tibb və Sağlamlıq Elmləri Təhsili və Təcili Tibb kafedralarının birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə 80 tələbə iştirak edib.
Açılış mərasimində Tibb və Sağlamlıq Elmləri Təhsili kafedrasının müdiri, dosent Samir Cavadlı, ATU THİK-nin sədri assistent Qoşqar İsmayılov və II Müalicə-profilaktika fakültəsinin dekan müavini, baş müəllim Bənövşə Hüseynova çıxış edərək forumun silsilə xarakter daşıdığını bildiriblər. Qeyd olunub ki, mövzular tələbələrin maraq və təklifləri nəzərə alınmaqla seçilir və bu format tələbə təşəbbüslərinin dəstəklənməsi baxımından əhəmiyyətlidir.
Forumun birinci hissəsində Təcili Tibb kafedrasının müəllimləri aktual mövzularla çıxış ediblər. Assistent Xatirə Şirinova-Safarova “Elektrik zədələnmələri niyə öldürür?”, assistent Fəxriyyə Quliyeva “Elektrik zədələnmələri zamanı nə etməli?”, dosent Şəhla Qasımova “Elektriklə müalicə nə zaman aparılmalıdır?” və assistent Nigar Cəfərova “Həyat qurtaran elektrik: AED və defibrilyator” mövzularında məruzə edərək öz təcrübələrini bölüşüblər.
Hər məruzədən sonra interaktiv “Kahoot” viktorinası keçirilib, qalib tələbələr kitab və diplomla mükafatlandırılıb. Bu yanaşma tələbələrin nəzəri biliklərinin möhkəmləndirilməsinə və fəallığının artırılmasına xidmət edib.
Forumun ikinci hissəsi praktik təlim formatında təşkil olunub. Tibb və Sağlamlıq Elmləri Təhsili kafedrasının əməkdaşları – baş müəllim Aydan Qədimli, baş müəllim Samirə Məmmədova, baş müəllim Bənövşə Hüseynova və assistent Günay Seyidova tərəfindən ilkin tibbi yardım və AED tətbiqi üzrə praktik bacarıqlar nümayiş etdirilib. Daha sonra tələbələr bu bacarıqları praktik şəkildə icra ediblər.
Tədbirdə fövqəladə hallarda düzgün qərarvermə və operativ müdaxilə bacarıqlarının formalaşdırılmasının vacibliyi vurğulanıb. II Tələbə Forumu tələbə yönümlü və praktik əsaslı təhsil modelinin uğurlu nümunəsi kimi qiymətləndirilib.