Bizi izləyin:
Heydər Əliyev
İctimai fənlər kafedrasında Tələbə Elmi Cəmiyyətinin konfransı keçirilib

İctimai fənlər kafedrasında Tələbə Elmi Cəmiyyətinin konfransı keçirilib

Martın 3-də Azərbaycan Tibb Universitetinin (ATU) İctimai fənlər kafedrasında Tələbə Elmi Cəmiyyətinin konfransı keçirilib

Tədbiri giriş nitqi ilə açan kafedra müdiri, professor Qoşqar Əliyev bildirib ki, konfransın əsas məqsədi aktual ictimai, siyasi və səhiyyə sahələrinə dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq, tələbələrin dünyagörüşünü genişləndirmək və onları elmi fəaliyyətə təşviq etməkdir. O qeyd edib ki, ali təhsil müəssisələrinin əsas missiyası yalnız ixtisaslı mütəxəssis hazırlamaq deyil, həm də geniş dünyagörüşünə, analitik təfəkkürə və yüksək mənəvi keyfiyyətlərə malik şəxsiyyət formalaşdırmaqdır.

Professor vurğulayıb ki, müasir dövrdə elmin sürətli inkişafı tələbələrdən fəal mövqe, davamlı özünüinkişaf və elmi araşdırmalara maraq tələb edir. Həkim peşəsinin xüsusi məsuliyyət daşıdığını deyən natiq, bu sahədə uğur qazanmaq üçün nəzəri biliklərlə yanaşı, etik davranış, humanist yanaşma və xəstə ilə düzgün ünsiyyət bacarığının vacibliyini diqqətə çatdırıb. Bildirilib ki, tələbələrin elmi tədbirlərdə aktiv iştirakı və aktual məsələlərə həssas yanaşması onların peşəkar formalaşmasında mühüm rol oynayır.

Konfransın davamında məruzəçi tələbələrə söz verilib. Xanım Aslanlı “Azərbaycan Xalq Cümhuriyyəti – Şərqin demokratiya möcüzəsi”, Asi Paşazadə “Multikulturalizm siyasətinin cəmiyyətin sosial sağlamlığına təsiri”, Diana Guseinova “Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdışı tarixi zərurətdir”, Arzu Quliyeva “Azərbaycan səhiyyəsində aparılan son islahatların nəticələri” və Fatimə Qədirova “Tibbi antropologiya baxımından tarixi miqrasiya dalğalarının insan anatomiyasına təsiri” mövzularında çıxış ediblər.

Məruzələrdə Azərbaycanın tarixi inkişafı, dövlətçilik ənənələri, milli birliyin möhkəmlənməsi və müasir islahatların ölkənin davamlı tərəqqisindəki rolu vurğulanıb. Xüsusilə Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dəyərləri, hüquqi dövlət quruculuğu, multikulturalizm siyasəti, səhiyyə sisteminin modernləşdirilməsi, icbari tibbi sığortanın tətbiqi və rəqəmsal texnologiyaların sahəyə inteqrasiyası geniş təhlil olunub. Qeyd edilib ki, bu istiqamətlər üzrə həyata keçirilən tədbirlər cəmiyyətin sosial rifahının yüksəldilməsinə və tibbi xidmətlərin əlçatanlığının artırılmasına xidmət edir.

Tədbirdə çıxış edən Tələbə Elmi Cəmiyyətinin Əczaçılıq fakültəsi üzrə elmi rəhbəri Xuraman Mustafayeva elm və təhsilin gənclərin peşəkar inkişafındakı əhəmiyyətini qeyd edərək öz təkliflərini bölüşüb. O, tələbələrin ilk kurslardan elmi araşdırmalara cəlb olunmasının vacibliyini, multikulturalizm, etnofarmakologiya və milli tarix kimi mövzuların onların elmi təfəkkürünə müsbət təsirini vurğulayıb. Həmçinin tədqiqat işlərində praktik elementlərin, orijinal araşdırmaların və sorğu metodlarının tətbiqinin elmi nəticələrin keyfiyyətini artırdığı bildirilib.

Sonda konfransın moderatoru, İctimai fənlər kafedrasının müəllimi, tarixçi Aidə Təhməzova maraqlı məruzələrə görə tələbələrdə təşəkkür edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

Paylaş

Dostlarınız ilə paylaşın.