
Rektor, professor Gəray Gəraybəyli: İdeoloji baxımdan yetkin vətəndaşın formalaşmasında ali məktəblərin rolu böyükdür
Martın 4-də Yeni Azərbaycan Partiyası və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə “Yeni reallıqlar və müasir Azərbaycan: aktual çağırışlar fonunda gələcəyə baxış” mövzusunda tədbir keçirilib.
Tədbirdən əvvəl universitetin inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət olunub, önünə əklil və gül dəstələri qoyulub. Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi ehtiramla yad edilib. Dövlət Himni səsləndirildikdən sonra giriş sözü ilə universitetin rektoru, professor Gəray Gəraybəyli çıxış edib.
Rektor bildirib ki, hər bir ali təhsil müəssisəsinin fəaliyyətində təlim-tərbiyə işi əsas istiqamətlərdən biridir. Onun sözlərinə görə, Azərbaycan Tibb Universitetində də gənclərin yalnız peşəkar kadr kimi deyil, həm də sağlam dünyagörüşünə malik şəxsiyyət kimi formalaşmasına xüsusi önəm verilir: “Xalqımızın və dövlətimizin qarşısında daşıdığımız başlıca öhdəliklərdən biri yüksək peşəkar səviyyəyə malik həkim-mütəxəssislərin hazırlanmasıdır”. Bu məsələni universitetin prioritet istiqaməti kimi dəyərləndirən rektor qeyd edib ki, ideoloji baxımdan yetkin vətəndaşın formalaşmasında ali məktəblərin rolu böyükdür: “Məhz buna görə fəaliyyətimizdə gənclərimizin tərbiyəsinə, dünyagörüşünün və vətəndaş mövqeyinin möhkəmləndirilməsinə geniş yer ayırırıq”.
Onun sözlərinə görə, sürətlə dəyişən müasir dünyada gənclərin düzgün istiqamətdə formalaşması xüsusi əhəmiyyət daşıyır. Rektor vurğulayıb ki, regionda baş verən mürəkkəb proseslər fonunda Azərbaycan sabitlik və inkişaf nümunəsi kimi seçilir.
Professor G.Gəraybəyli diqqətə çatdırıb ki, mövcud sabitlik və rifah asan əldə olunmayıb: “Bu gün gənclər elə düşünə bilərlər ki, sabitlik həmişə belə olub. Halbuki bugünkü nailiyyətlər asan və qurbanlarsız qazanılmayıb”.
Çıxışının sonunda rektor qeyd edib ki, Azərbaycanın uğurları hamı tərəfindən eyni qarşılanmır və müxtəlif təzyiq cəhdləri mövcuddur. “Bu cəhdlərin əsas hədəflərindən biri gənclərin dünyagörüşünə təsir göstərməkdir”. Professor G.Gəraybəylinin sözlərinə görə, məhz buna görə gənclərin düzgün tərbiyəsi, sağlam ideoloji formalaşması və dövlət siyasətini obyektiv şəkildə dərk etməsi ali təhsil müəssisələrinin əsas vəzifələrindəndir: “Universitetimizdə aparılan təlim-tərbiyə işinin başlıca istiqaməti də bu məqsədlərə xidmət edir”.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov isə bildirib ki, Azərbaycan qısa tarixi müddətdə böyük və şərəfli inkişaf yolu keçib. Onun sözlərinə görə, bu yol zəngin olmaqla yanaşı, kifayət qədər mürəkkəb və məşəqqətli olub. SSRİ-nin dağılması dövründə ölkəyə qarşı ciddi təzyiqlərin göstərildiyini xatırladan natiq qeyd edib ki, həmin illərdə dövlətçiliyin taleyi təhlükə altına düşmüş, müxtəlif qüvvələr tərəfindən ölkənin parçalanmasına yönəlmiş cəhdlər edilmişdi.
Belə mürəkkəb şəraitdə ölkəni böhrandan çıxara biləcək yeganə siyasi liderin Ulu Öndər Heydər Əliyev olduğunu deyən T.Budaqov, 91 ziyalının müraciətinə verilən müsbət cavabın və Yeni Azərbaycan Partiyasının yaradılmasının müasir tariximizdə dönüş nöqtəsinə çevrildiyini bildirib.
O, həmçinin qeyd edib ki, partiyanın ilk dayaq təşkilatlarından biri məhz Azərbaycan Tibb Universitetində təsis olunub və bu təşkilat ötən illər ərzində həm keyfiyyət tərkibi, həm də üzvlərinin sayı baxımından ölkənin qabaqcıl partiya qurumlarından birinə çevrilib.
Daha sonra Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, ATU-nun professoru Vaqif Şadlinski qarşıdan gələn Novruz bayramı münasibətilə təbriklərini çatdırıb. O bildirib ki, artıq altıncı ildir Novruzun azad torpaqlarımızda qeyd olunması xalqımız üçün xüsusi qürur mənbəyidir.
Professor ali təhsil müəssisələrinin əsas missiyasının sağlam düşüncəli, vətənpərvər və cəsarətli gənclər yetişdirmək olduğunu vurğulayıb. Ömrünün 60 ildən çoxunu bağladığı Azərbaycan Tibb Universiteti ilə bağlı xatirələrini bölüşən V.Şadlinski, sovet dövründə universitetin maddi-texniki bazasının zəif olduğunu, klinika və tədris binalarının məhdud şəraitdə fəaliyyət göstərdiyini xatırladıb. Onun sözlərinə görə, son onilliklərdə universitetin infrastrukturu əsaslı şəkildə yenilənib, müasir tədris korpusları və yataqxanalar inşa olunub, ölkədə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb.
Professor çıxışının sonunda gənclərə universitetin zəngin ənənələrini davam etdirməyi, vətənə layiqli mütəxəssis kimi xidmət göstərməyi tövsiyə edib.
Tədbirdə YAP-ın yeni üzvlərindən I Müalicə-profilaktika fakültəsinin III kurs tələbəsi Azərin Şükürlü də çıxış edib. O bildirib ki, “Yeni reallıqlar və müasir Azərbaycan: gələcəyə baxış” mövzusunda keçirilən tədbirdə çıxış etmək onun üçün böyük şərəfdir. Partiya sıralarına yeni qoşulan 150 gəncdən biri kimi burada çıxış etməyin həyatında unudulmaz an olduğunu vurğulayan tələbə qeyd edib ki, universitetə qəbulunu yalnız şəxsi uğur deyil, dövlətin gənclərə göstərdiyi diqqət və qayğının nəticəsi kimi qiymətləndirir.
A.Şükürlü deyib ki, Yeni Azərbaycan Partiyası gənclər üçün geniş imkanlar platformasıdır və onun sıralarına qəbul olunan 150 gənc yeni ideyalar və ümidlər deməkdir. Tələbə çıxışını “Yaşasın güclü Azərbaycan!” sözləri ilə yekunlaşdırıb.
Sonra Tahir Budaqov Prezident İlham Əliyevin 19 sentyabr 2025-ci il tarixli 730 saylı Sərəncamına əsasən 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunmuş universitetin professoru Rafiq Məmmədhəsənova ordeni təqdim edib.
Ardınca partiyaya yeni qəbul olunmuş bir qrup tələbəyə üzvlük vəsiqələri verilib.
Partiyanın himninin səsləndirilməsi ilə rəsmi hissə başa çatıb. Tədbir bədii hissə ilə davam edib və sonda xatirə şəkli çəkdirilib.